"Petkim" bu ilin altı ayını 185 mln. dollarlıq mənfəətlə başa vurub

"Petkim" bu ilin altı ayını 185 mln. dollarlıq mənfəətlə başa vurub
# 11 avqust 2017 10:00 (UTC +04:00)

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") 2017-ci ilin 6 aylıq maliyyə göstəricilərini açıqlayıb.

"APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, "Petkim" bu ilin yanvar-iyun aylarında 655,063 mln. türk lirəsi və ya 184,729 mln. ABŞ dollarlıq xalis mənfəətlə başa vurub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu ilin 6 ayında şirkətin xalis mənfəəti 1,74 dəfə artıb.

2016-cı ilin yanvar-iyun aylarında şirkətin aktivləri 6 mlrd. 268,528 mln. lirə (1 mlrd. 767,7 mln dollar) təşkil edirdisə, 2017-ci ilin iyulun 1-nə bu göstərici 6 mlrd. 314,284 mlrd. lirəyədək (1 mlrd. 781 mln. dollar) qədər artıb.

Hesabat dövründə şirkətin qısamüddətli öhdəlikləri 3,48% artaraq 1 mlrd. 859 mln. 152 min lirəyə (524 mln. 284 min dollar), uzunmüddətli öhdəlikləri isə 31% artaraq 1 mlrd. 341 mln. 778 min lirəyə (378 mln. 383 min dollar) çatıb. Bu ilin 6 ayında şirkətin cəmi öhdəlikləri 3 mlrd. 200 mln. 930 min lirəyə (902 mln. 667 min dollar) bərabər olub ki, bu da 2016-cı ilin eyni dövründəkindən 0,06% çoxdur.

Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR