Baş Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib

Baş Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
# 24 yanvar 2018 08:33 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. O, deyib ki, maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib, il ərzində avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.

Məruzəçi qeyd edib ki, insanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə DİN rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş idarədə 700-dən çox vətəndaş qəbul edilib, daxil olmuş 90 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.

Baş idarə rəisi əldə olunan müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların da mövcudluğunu etiraf edib, onların üzərində ətraflı dayanıb.

Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.

Müşavirəyə yekun vuran daxili işlər naziri R.Usubov DYP xidmətinin ötənilki fəaliyyətinin nəticələrini yüksək qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib, hər bir əməkdaşın vəzifə borcunun öz xidməti funksiyalarını layiqincə yerinə yetirmək, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tələb edib.

Ramil Usubov müasir dövrdə qanunvericilik aktlarının çox dinamik olduğunu, yeni ictimai münasibətlərin tənzimlənməsi baxımından vaxtaşırı dəyişikliyə məruz qaldığını xatırladaraq, onların dərindən öyrənilməsinin, praktikada düzgün tətbiq etməyin vacibliyini və zəruri hallarda vətəndaşlara izah etmək bacarığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR