“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası” haqqında qanuna dəyişikliklər MM-in iclasına tövsiyə olunub

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası” haqqında qanuna dəyişikliklər MM-in iclasına tövsiyə olunub
# 05 iyun 2018 11:22 (UTC +04:00)

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası” haqqında qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, komitə sədri Əhliman Əmiraslanov layihə barədə məlumat verib.

Layihədə qanunun adı dəyişdirilərək “İnsan orqan və (və ya) toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun adlandırılıb.

Bundan başqa, preambula hissəsində bildirilir ki, bu qanun insan orqan və toxumalarının donorluğu və onların transplantasiyası ilə bağlı münasibətləri tənzimləyir, donorların, respiyintlərin, orqan orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb işçilərinin və tibb müəssisələrinin hüquq və vəzifələrini müəyyən edir. Qanunun əsas anlayışlar hissəsində edilən dəyişikliyə görə isə “zədələnən orqan” sözü “funksiyasını itirmiş” orqan, “donorun və ya insan meyiti ifadəsi” isə, “canlı və ya ölü donordan alınmış” ifadəsi ilə əvəz edilir.

Eyni qanuna zamanda belə təsnifat əlavə edilir: transplant – müalicə məqsədi ilə bir insanın digərinə köçürülən orqan və ya toxuma.

Donoroun təsnifatı dəyişdirilərək belə verilir: Donor- orqan və (və ya) toxumaları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud beyin ölümü baş verən şəxs.

Qanunun 12-ci (Canlı donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri) maddəsinə edilən dəyişikliyə əsasən, digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir.

Canlı donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

Canlı donor resipientin qohumu olmalıdır, qohumluq əlaqəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır,

Canlı donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır,

Canlı donor kənar təsirlər olmadan orqan və (və ya) toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir,

Canlı donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır,

Canlı donor resipientin həyat yoldaşı olduğu halda ən azı 1 il rəsmi nikahda olmuş olmalıdır,

orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə tibbi uyqunluğu müəyyən olunmalıdır.

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Əlavə edilən 12-1 (Etika Komissiyası) maddəsində qeyd olunur ki, qohum olmayan canlı donorlardan orqanın alına bilməsi ilə əlaqədar etik və hüquqi məsələlərin araşdırılması və müvafiq qərar verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı nəzdində ictimai əsaslarla etika komissiyası yaradılır. Komissiya tərkibində psixoloq və hüquqşünas daxil olmaqla 5 nəfərdən ibarət təşkil edilir.

Etika komissiyası donorun şəxsiyyətini, könüllülüyünü və bu qanunun V maddəsinin uyqunluğunu araşdıraraq şəxsin donor olub-olmanası barədə müvafiq qərar qəbul edir.

Etika komissiyasının tərkibində və işində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Qanunun 13-cü (Canlı donorun hüquq və vəzifələri) maddəsi yeni redaksiyada verilir:

Canlı donorun hüquqları aşağıdakılardır:

orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyatla bağlı gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq, bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq,

daimi dispanser müşahidəsində olmaq, özünə orqan köçürülməsinə ehtiyac yaranarsa donor orqanı ilə növbədənkənar təmin olunmaq, donorluqla əlaqədar əlil və ya sağlamlıq imkanları məhdud olarsa, qanunvericiliyə uyğun olaraq pensiya almaq.

Orqan və (və ya) toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Qanunun 14-cü (Canlı donordan götürülən orqan və toxumalara məhdudiyyət) maddəsinə edilən dəyişikliyə əsasən isə, canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR