"Sevilya" və "Qarabağ" komandalarının təxmini “11-liy”i açıqlanıb

"Sevilya" və "Qarabağ" komandalarının təxmini “11-liy”i açıqlanıb
# 28 noyabr 2019 10:29 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək "Sevilya" - "Qarabağ" matçının təxmini heyətləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, AS nəşri komandaların hansı oyunçularla meydana çıxacağını açıqlayıb.

Həmkarlarımız meydan sahiblərinin hücumameyilli heyətlə çıxış edəcəyini düşünür. 4-4-2 sisteminə güvənəcək baş məşqçi Xulen Lopeteqi əsasən ehtiyat qüvvəyə şans verəcək. Qapını Bono qoruyacaq. Serxi Qomeslə Daniel Karriço müdafiənin mərkəzində tandem təşkil edəcək. Sol cinah Serxio Eskuderoya, sağ isə Alexandro Pozoya həvalə olunacaq.

Nemanya Qudeli və Oliver Torres yarımmüdafiənin mərkəzində əsasən rəqib hücumlarının qarşısını almaqla məşğul olacaqlar. Çalışdırıcı Munir El-Haddadi ilə Roni Lopesi müvafiq olaraq sol və sağ cinahlarda oynatmağı planlaşdırır. La Liqa matçlarında əsas heyətə düşə bilməyən Çiçarito ilə Munas Dabbur isə hücumda qol axtarışında olacaqlar.

Əsas heyət üzvlərindən Lukas Okampos, Franko Vaskes, Serxio Requlyon və Luk de Yonq kimi oyunçuların ehtiyatda oturması gözlənilir.

O ki qaldı "Qarabağ"a, qapı, müdafiə və yarımmüdafiənin mərkəzi ilə bağlı hansısa dəyişiklik gözlənilmir. Çərçivədə Asmir Beqoviç, onun önündə isə Rəşad Sadıqovla Bədavi Hüseynov olacaq. Ailton Silva sol, zədəsini sağaldan Maksim Medvedev sağ cinahda çıxış edəcək. Orta sahədəki "üçlük" həmişəki kimi Qara Qarayev - Miçel - Riçard Almeydadan təşkil olunacaq. Xayme Romero sağ, Abdullah Zubir sol cinahdan hücumçuya dəstək verməyə çalışacaq. Maqaye Qeyenin formada olmadığını və Mahir Emrelinin zədədən əziyyət çəkdiyini nəzərə alan Qurban Qurbanov hücumun sivri ucunda Araz Abdullayevə şans verməyi düşünür.

Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR