Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti görüş keçirilib

Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti görüş keçirilib
# 31 may 2018 17:39 (UTC +04:00)

Rusiya Federasiyasının Dərbənd şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi və Rusiyanın Federal Gömrük Xidməti Dağıstan Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

DGK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin qatıldığı görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin və "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları da iştirak edib.

Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb. Tərəflər sərhədkeçmə prosesinin sürətli həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının, xüsusilə Azərbaycanın ən böyük ixracatçı şirkətlərindən biri olan "Amoris" şirkətinin Rusiya Federasiyasına ixrac etdiyi alma və pomidor məhsullarının sərhədkeçmə prosesində yaranan problemlərinin operativ şəkildə aradan qaldırılması istiqamətində müzakirələr aparıblar.

Görüşün sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR