Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
# 03 aprel 2018 10:02 (UTC +04:00)

Vergilər Nazirliyi və Təhsil Nazirliyi arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə nazirliklərin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, əməkdaşlıq memorandumu 5 illik dövrü əhatə edəcək. Onun sözlərinə görə, memorandum işə götürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulmasını nəzərə tutan yeni bir layihədir: “Bu layihə ali məktəblərdə xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə tələbələrin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin möhkəmləndirilməsi, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur”.

Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, əməkdaşlıq çərçivəsində qarşıdakı dövrdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq.

Nazir müavini qeyd edib ki, son 10 ildə 3000-dən çox məktəb tikilib və yenidən qurulub: “Təkcə ötən il 100 modul məktəb istifadəyə verilib, bu il isə 137 modul məktəb tikilib istifadəyə veriləcək”.

Sonda Vergilər və Təhsil Nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi vergilər nazirinin müavini Sahib Ələkbərov və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR