DGK-də Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib

DGK-də Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib
# 10 may 2018 15:45 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.

APA-Economics”in məlumatına görə, DGK sədri Səfər Mehdiyev tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıb. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqını ağır, çətin vəziyyətlərdən xilas edib, milli birlik yaradıb. Ulu öndərin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.

Komitə sədri diqqətə çatdırıb ki, müasir Azərbaycanın inkişafı yalnız və yalnız Heydər Əliyevin adı və fəaliyyətilə bağlıdır. Ölkəmizin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq dühasının açıq-aşkar təsiri hiss edilməsin. Məhz onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün sahələrində iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan qaldırılmasına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirildi. Belə sahələrin ən önəmlilərindən biri olan Azərbaycan gömrük xidmətinin formalaşıb inkişaf etdirilməsi də müdrik rəhbərin diqqət mərkəzində olub. Heydər Əliyev gömrük xidmətinin inkişafının prioritetlərini müəyyənləşdirərək bu istiqamətdə tövsiyə və tapşırıqlarını verib. Ötən müddət ərzində Azərbaycan Gömrük Xidməti məhz dahi rəhbərin müəyyən etdiyi prinsiplər əsasında yenidən qurularaq çevik, peşəkar və modern təşkilata çevrilib.

S. Mehdiyev vurğulayıb ki, memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti böyük şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. Bu gün Prezident İlham Əliyevin yüksək ümummilli etimada malik rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər ümummilli liderimiz tərəfindən başlanmış işlərin məntiqi davamıdır və hər birimizin borcu ulu öndərin şah əsəri olan Azərbaycanı qorumaq və daha da inkişaf etdirməkdir.

Sonra çıxış üçün söz Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəyə verilib.

Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinə toxunan deputat bildirib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı. Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı, "Əsrin müqaviləsi" imzalandı. Bundan başqa, milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, Azərbaycan informasiya blokadasından çıxarıldı. Azərbaycana xarici sərmayənin yatırılması üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırıldı.

A. Rəhimzadə vurğulayıb ki, ulu öndər Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb. Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.

Yekun sözü ilə çıxış edən DGK sədri S. Mehdiyev qonağa maraqlı və məzmunlu çıxış üçün təşəkkürünü bildirib. Komitə sədri əminliklə deyib ki, ulu öndərdən əmanət qalan müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinin və maraqlarının qorunmasında gömrük əməkdaşları bundan sonra da öz səylərini əsirgəməyəcək, Azərbaycanın tərəqqisi naminə qarşıya qoyulan bütün məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində daha qətiyyətli addımlar atacaqlar.

Daha sonra Azərbaycan prezidentinin 29 yanvar 2018-ci il tarixli sərəncamına əsasən, xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına orden və medallar təqdim olunub.

Tədbirin sonunda Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR