Vitse-admiral Şahin Sultanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Vitse-admiral Şahin Sultanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 28 sentyabr 2017 13:29 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında ilkin baxış iclası keçirilib.

Vəkil Emil Bədəlovun APA ya verdiyi məlumata görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Ş. Sultanovun vəkilləri prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub. Ş. Sultanov apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR