“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimatı keçirilib

 “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimatı keçirilib
# 29 mart 2018 10:46 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri olan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir.

Kitabın elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstu Həbibbəylidir.

Tanınmış elm və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq Azərbaycanın və region xalqlarının tarixinin, onların maddi və qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və saxtalaşdırılması səylərindən, bu hallara qarşı mübarizə istiqamətində görülən tədbirlərdən danışıb. M.Əhmədov “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabını bu sahədə yeni addım kimi dəyərləndirib, bu cür tədqiqatların erməni saxtakarlığına qarşı sanballı cavab kimi qiymətləndirib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli kitabın elmi və tarixi dəyərindən danışıb, erməni yalanlarının diapazonunun çox geniş olduğunu qeyd edib. O bildirib ki, bu gün erməni adlandırdığımız haylar etnik kimlik deyil, zaman-zaman etnik kimliyini itirən və kilsə ətrafında birləşən ayrı-ayrı fərdlərin birliyidir. Onun sözlərinə görə, etnik kimlik daşımayan ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq cəhdləri, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri məhz bundan qaynaqlanır.

SAM-ın direktoru Fərhad Məmmədov çıxışında region xalqların maddi-mədəni və tarixi irsinin mənimsənilməsinin bu gün Ermənistan dövlətinin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini söyləyib. F. Məmmədov erməni saxtakarlığının ifşa edilməsi sahəsində SAM-ın göstərdiyi fəaliyyətdən bəhs edib, bu sahədə istər yerli, istərsə də xarici mütəxəssislərlə sıx əməkdaşlıq edildiyini vurğulayıb və bu gün təqdimatı keçirilən kitabın da məhz belə bir əməkdaşlıq sayəsində ərsəyə gəldiyini deyib.

SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov, tədqiqatçı Elşad Əlili, Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa erməni saxtakarlığının tarixinə nəzər salıb, onların ərazi iddialarının yalan üzərində qurulduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, kitabda bütün bu məsələlər anlaşılan dildə və faktlara əsaslanaraq əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR