Rumen Radev: “Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür”

Rumen Radev: “Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür”
# 13 oktyabr 2017 22:55 (UTC +04:00)

“2015-ci ilin martında imzalanmış Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı maraqlarımıza, böyük potensiala və bu sahədə mövcud perspektivlərə uyğun olaraq aramızdakı münasibətlərin əla səviyyəsinə verilən qiymətdir və əlaqələrimizin daha da dərinləşdirilməsinə olan ümumi arzunun təzahürüdür. İnanıram ki, Azərbaycana etdiyimiz səfərin əsas məqsədlərindən birinə bu gün artıq nail olduq”.

APA-nın xəbərinə görə, bunu Bolqarıstan prezidenti Rumen Radev Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından onun və xanımı Desislava Radevanın şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, iyirmi beş illiyi 2017-ci il iyunun 5-də qeyd edilmiş dövlətlərarası münasibətlərin tarixi zaman baxımından qısa olsa da çox əhəmiyyətli hadisələrlə zəngindir: Ötən 25 il ərzində Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər ümumi maraq doğuran bütün sahələrdə bərabərhüquqlu əməkdaşlıqla, qarşılıqlı hörmət və anlaşma ilə, eləcə də açıq qalan məsələlərin olmaması ilə xarakterizə edilir. Xəzər dənizinin mirvarisi, Böyük İpək Yolunun ayrılmaz hissəsi olan Bakı şəhərində həmin İpək Yolunun bərpasına ümumi marağımızı qeyd etmək istərdim. Asiya ilə Avropa arasında nəqliyyat və enerji dəhlizlərinin yaradılmasında geostrateji üstünlüklərdən istifadəni vacib sayıram: Bolqarıstan Avropaya qapı, Azərbaycan isə Avropa ilə Asiya arasında körpü və Mərkəzi Asiyaya qapı olaraq öz rolunu oynaya bilər. Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür. Mən əminəm ki, biz bu üstünlüyü ölkələrimizin rifahı naminə birgə səylərlə inkişaf etdirərək bundan yararlanacağıq”.

Rumen Radev qeyd edib ki, son illər ərzində ikitərəfli münasibətlər mədəniyyət, təhsil və elm sahələrində xüsusilə inkişaf edib, mədəni-tarixi irsin qorunması istiqamətində ciddi addımlar atılıb: “Mədəni və mənəvi sahələrdə layihələrin mühüm sosial elementi mövcuddur və bu layihələr xalqlarımız arasında yaxınlaşmaya xidmət edir. Bu baxımdan, icazə verin, Veliko Tırnovo şəhərinin yaxınlığında Trapezitsa qalasının ictimaiyyətə açıq elan olunması, bərpası və konservasiyası layihəsinin həyata keçirilməsində göstərilmiş maliyyə dəstəyinə görə Heydər Əliyev Fondu qismində Azərbaycan tərəfinə, xüsusən də bu cür nəcib missiyanın reallaşmasında şəxsi xidmətlərinə görə Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR