BMT-nin İnkişaf Proqramı FHN-lə birgə Qəbələdə seminar təşkil edib

BMT-nin İnkişaf Proqramı FHN-lə birgə Qəbələdə seminar təşkil edib
# 30 noyabr 2016 09:57 (UTC +04:00)

BMT-nin İnkişaf Proqramı (BMTİP) və Qlobal Ətraf Mühitin Mühafizəsi Fondu (GEF) Fövqəladə Hallar Nazirliyi ilə birgə Qəbələ şəhərindəki “Qafqaz Sport” otelində daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar təşkil edib.

APA-nın yerli bürosunun xəbərinə görə, “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində keçirilən seminarda yerli dağ icmalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının və tərəfdaş qurumların əməkdaşları, layihənin benefisiarları, yerli və beynəlxalq ekspertlər və icma rəhbərləri iştirak ediblər.

BMTİP-in Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev bildirib ki, iqlim dəyişikliyi xüsusən yoxsul və zəif icmalara təsir göstərir. O qeyd edib ki, BMTİP-in bu layihəni icra etməkdə məqsədi iqlim dəyişikliyi risklərinin yerli dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə daxil edilməsidir: “Məqsədimiz təhlükə altında olan ərazilərdə yaşayan icmaların su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Su üzrə müasir inteqrasiyalı idarəetmə üçün müvafiq institusional baza tələb olunur. Normativ-hüquqi aktlarda iqlim dəyişikliyi məsələsini əhatə etmək üçün layihə çərçivəsində ölkənin Su Məcəlləsinə yeni düzəlişlər hazırlanıb”.

M. Əfəndiyev su üzrə innovativ idarəetmə üçün əlaqələndirilmiş yanaşmanın zəruri olduğunu vurğulayıb: “Hazırladığımız sənədlər mərkəzi institusional strukturun su ehtiyatları üzrə inteqrasiyalı idarəetmənin tətbiqini tam dəstəkləməsini tövsiyə edir”.

Seminar qrup müzakirələri formasında keçirilib. İştirakçılar erkən xəbərdarlıq sisteminin komponentləri, o cümlədən risklərin qiymətləndirilməsi, monitorinq və xəbərdarlıq, kommunikasiya və təşviqat, cavab qabiliyyəti ilə bağlı öz tövsiyələrini bölüşüblər.

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin rəis müavini Gündüz Həmzəyev iştirakçılara bu sahədə meydana çıxan riskləri yumşaltmağa yönələn işlər barədə məlumat verib. Seminar zamanı layihə çərçivəsində əldə edilən müasir erkən xəbərdarlıq qurğuları icma üzvlərinə təhvil verilib.

Seminarda çıxış edən ekspertlər qeyd ediblər ki, icmaların su çatışmazlığına hazırlığı onların risklərin yumşaldılması üzrə proseslərdə iştirakına imkan yarada bilər. Onlar quraqlıq və su çatışmazlığı zamanı kənd təsərrüfatı texnologiyalarının istifadəsinin əhəmiyyətini vurğulayıblar. İcma əsaslı erkən xəbərdarlıq sisteminin tam mobilizasiyası daşqınların səmərəli proqnozlaşdırılması üçün yaxşı vasitə kimi qiymətləndirilib.

Ekspertlər eksperimental təcrübə üçün Azərbaycanın Qəbələ rayonundakı Mıxlıqovaq icmasını seçiblər. Beynəlxalq ekspert Xuan Fernandes “İcma əsaslı erkən xəbərdarlıq sistemlərinin icra inkişafı, icmalarda daşqınlarla bağlı fövqəladə vəziyyətin planlaşdırılması”, David Milton isə “Su problemləri və onunla mübarizə mexanizmləri” mövzusunda məruzə edib. Kommunikasiya zəncirini və iştirakçıların müzakirə edilən məsələlər barədə anlayışını sınaqdan keçirmək üçün seminarın sonunda Su İstifadəçiləri Birliyinin üzvləri ilə simulyativ məşq həyata keçirilib.

“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin məqsədi, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın dağ icmalarının su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihə çərçivəsində qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Sonda tədbir iştirakçılarına və layihə çərçivəsində fəal iştirak edən yerli icma üzvlərinə sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR