AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

 AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib
# 24 noyabr 2016 12:12 (UTC +04:00)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (Az.MİU) Memarlıq və İnşaat Elminə Yardım Xeyriyyə Fondu və “Caspian Service LTD”nin birgə təşkil etdiyi “Müasir inşaatda ekologiya və enerji effektliliyinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Az.MİU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, konfransın əsas məqsədi elm və texnologiyaların ən yeni nailiyyətlərinin tətbiqi ilə enerji mənbələrindən səmərəli istifadə, yüksək enerji qənaətinə nail olmaq, yanacaq və enerji mənbələrinin işlənməsi və istifadəsinin ətraf mühitə, eləcə də insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması yollarının öyrənilməsidir. Tədbirdə Ukrayna, Gürcüstan və İrandan nümayəndələr, eləcə də ölkəmizin ali təhsil müəssisələrindən qonaqlar iştirak edib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova dünyada aktual olan mövzuya – müasir inşaatda ekologiya və enerji effektivliyinin problemlərinə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, burada dinlənəcək məruzələrin, həmçinin, bu sahədə aparılan elmi-tədqiqat işlərinin məsələnin həlli istiqamətində mühüm nəticələrə səbəb olacağına inamını ifadə edib.

Tədbirdə iştirak edən “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov, “Caspian Service LTD”nin İdarə Heyətinin sədri Rəhim Soltanov konfrans iştirakçılarını təbrik ediblər.

Daha sonra AzMİU-nun Ekologiya kafedrasını müdiri, professor Fəqan Əliyev “Şəhərsalmada bərpa olunan enerji və ətraf mühit”, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov “Mikroiqlim və enerji səmərəliliyi” mövzularda məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR