İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi açılıb

İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi açılıb
# 24 may 2018 19:51 (UTC +04:00)

İstanbuldakı Dəniz muzeyinin sərgi salonunda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkil etdiyi sərgidə İstanbuldakı Yedditəpə universitetinin müəllimi, professor Rafiq Əzizin yağlıboya ilə çəkdiyi portret və fiqurativ janrdakı əsərləri nümayiş etdirilir. Sərgidə ulu öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin, ilk baş nazir Fətəli xan Xoyskinin, böyük mütəfəkkir Əhməd Ağaoğlunun, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın, Bakının işğaldan azad edilməsində mühüm rolları olan Xəlil Paşa və Mürsəl Paşanın portretləri və həmçinin, tematik janrda çəkilmiş tablolar tamaşaçıların mühakiməsinə təqdim edilib.

İstanbulun dövlət idarəçilərinin iştirak etdiyi açılış mərasimində APA-ya açıqlama verən Baş konsulluğun konsulu Esmira Hüseynova deyib: “Bu sərgiyə uzun müddətdən bəri hazırlaşırdıq. Sərgidə ulu öndərimiz Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” – sözünü əks etdirən sənət əsərlərini görürük. Digər tərəfdən, bu sərgidə Cümhuriyyətimizin 100 illik tarixinin dialektik inkişaf prosesini konseptual şəkildə Türkiyə ictimaiyyətinə çatdırmağa çalışmışıq. İctimaiyyətin sərgiyə göstərdiyi diqqət və maraq bizi son dərəcə məmnun etdi. Bu mövzudakı tədbirlərimizi davam etdirəcəyik”.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr edilmiş rəsm sərgisi mayın 27-nə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR