ABA: Vahid standart müqavilələrin hazırlanması üçün banklara müraciət göndəriləcək

ABA: Vahid standart müqavilələrin hazırlanması üçün banklara müraciət göndəriləcək
# 03 aprel 2018 09:10 (UTC +04:00)

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupunun iclası keçirilib.

ABA-dan "APA-Economics"ə verilən məlumata görə, iclasda Qrupun sədri Qorxmaz Ağayev və Qrupa üzv olan digər bankların nümayəndələri iştirak edib.

Ekspert Qrupunun 2018-ci il üçün Əməliyyat Planının, həmçinin 16 fevral 2018-ci il tarixində keçirilmiş iclasında alınmış qərarların icra vəziyyəti müzakirə olunub. İclas zamanı bank kreditləri üzrə tələblərin məhkəmələr tərəfindən tam həcmdə tanınmaması, banklar üçün vahid standart müqavilələrin hazırlanması ilə bağlı işçi qrupu tərəfindən banklara müraciətlərin göndərilməsi və bank sektorunda mövcud olan hüquqi məsələlərin KİV-də dolğun işıqlandırılması ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Bununla yanaşı, banklarda ASAN imzanın verilməsinin hüquqi məqamları və digər cari məsələlər ilə ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR