Avstraliya parlamentində Azərbaycanda keçirilən referendum barədə məlumat verilib

Avstraliya parlamentində Azərbaycanda keçirilən referendum barədə məlumat verilib
# 14 oktyabr 2016 16:52 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 26-da ölkə Konstitusiyasında dəyişikliklərin edilməsi ilə əlaqədar ümumxalq səsverməsini müşahidə etmək üçün Avstraliya İttifaqı parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Parlamentin senatoru Bək Kristofer Con, Nümayəndələr Palatasının üzvü Kelli Kraig Robert və Qərbi Avstraliya Parlamentinin deputatı Elizabet Behjat daxil olub.

Oktyabrın 13-də Qərbi Avstraliya parlamentinin üzvü E. Behjat ölkə parlamentində çıxış edərək bildirib ki, referendumla əlaqədar seçki prosesini izləmək üçün Avstraliya nümayəndə heyəti Azərbaycanda 20 seçki məntəqəsində olub, prosesin tam şəffaf, azad şəkildə keçdiyini vurğulayıb. E. Behjat Azərbaycan ərazisinin böyük bir qisminin Ermənistan tərəfindən işğal olunduğunu nəzərə çatdırıb. Bakı haqqında danışan avstraliyalı deputat ölkə paytaxtını modern və tarixi bir şəhər kimi xarakterizə edib. Qeyd edib ki, Bakı son dövrdə beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib, 2013-cü ildə möhtəşəm Eurovision Mahnı Müsabiqəsinə, 2015-ci ildə isə İlk Avropa Oyunlarına ev sahibliyi edib. 2020-ci ildə Futbol üzrə Avropa Çempionatının bəzi oyunları da Azərbaycanda keçiriləcək. Bu, ölkənin beynəlxalq miqyasdakı artan nüfuzundan xəbər verir.

E. Behjat vurğulayıb ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil etsə də, başqa dinlərə mənsub xalqlara – xristianlara, yəhudilərə böyük hörmətlə yanaşılır, tolerantlıq və multikulturalizm kimi dəyərlər bu xalqa xas xüsusiyyətlərdir. E. Behjat yaxın günlərdə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünün Avstraliyada da qeyd olunacağını, bu tədbirlərə qatılmaq üçün Avstraliyaya Azərbaycan parlamentinin nümayəndə heyəti səfər edəcəyini də nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR