Həkimləri Təkmilləşdirmə İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Həkimləri Təkmilləşdirmə İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
# 02 fevral 2017 08:16 (UTC +04:00)

Bu gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. APA-nin xəbərinə görə, konfransda səhiyyə naziri Oqtay Şirəliyev Əziz Əliyevin milli tibbi kadrların və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəaliyyəti və xidmətləri haqqında məlumat verib. O.Şirəliyev əlavə edib ki, Ə.Əliyev təbib-alim və klinisist kimi qarşısında dəqiq məqsədlər qoyaraq onları praktik səviyyədə yerinə yetirmək təcrübəsinə malik idi.

Nazir bildirib ki, Ə.Əliyev Azərbaycanda tibb təhsilinin əsasını qoyanlardan biridir: "Onun fəaliyyəti dövründə tibb sahəsi üzrə Azərbaycan dilində dərsliklər, monoqrafiyalar yazılıb, namizədlik və doktorluq dissertasiyaları yaradılıb. Onun vətən və xalq qarşısında xidmətləri daim dövlət tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçısı tərəfindən ötən il Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamın imzalanması bu diqqətin bariz göstəricisidir. Digər tərəfdən, onun həkimlik, elmi və pedaqoji fəaliyyəti səhiyyənin inkişafında zəngin təşkilatçı fəaliyyəti ilə əlaqələndirildi. Hansı bir vəzifə olursa-olsun Əziz Əliyev dərin zəkası və təşkilatçılıq məharəti ilə özünə xüsusi münasibət qazanır və bu səbəbdən Azərbaycanın yaradıcı ziyalılarının daim diqqət mərkəzində olurdu".

İnstitutun direktor Nazim Qasımov qeyd edib ki, Ə.Əliyev 1959-cu ildə İnstitutun rektoru kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər də burada çalışıb: "Onun rəhbərliyi dövründə institutun fəaliyyəti genişləndirilib, kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilib. Nəticədə institut ölkədə əhəmiyyətli elmi tibb mərkəzinə çevrildi".

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev və digərləri Əziz Əliyevin həyat yolundan, elmi-siyasi fəaliyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR