MSK sədrinin müavini : “Keçən il siyasi partiyalar daha intizamlı idilər”

MSK sədrinin müavini : “Keçən il siyasi partiyalar daha intizamlı idilər”
# 13 aprel 2017 11:43 (UTC +04:00)

“Partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsinə münasibət dəyişməlidir. Keçən il siyasi partiyalar daha intizamlı idilər”.

Bunu APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib.

N. Məmmədov deyib ki, 2014-cü ildən siyasi partiyaların maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Biz çalışmışıq ki, siyasi partiyaların bu istiqamətdə fəaliyyətinin nizama salınmasında həm də yardımçı rolunu oynayaq: “Artıq partiya quruculuğu partiyaların məsələyə münasibətinin yeni qaydalarını tələb edir. Hər il aprelin 1-ə qədər partiyalar öz illik maliyyə fəaliyyətləri ilə bağlı cəmiyyətə hesabat verməlidir. Bu, həm MSK-nın saytı vasitəsi ilə ictimailəşən bir fəaliyyətdir, həm də partiyalar özləri maliyyə hesabatlarını ictimailəşdirməlidirlər. MSK da həmişə partiyalar üçün yardımçı rol oynamağa çalışıb. Amma qanunda sanksiyalar da nəzərdə tutulub. Hər iki istiqamətdə əldə olan vasitələr partiyaların bu sahədə həm intizamını, həm məsuliyyətini artırmaq üçün istifadə ediləcək”.

MSK sədrinin müavini partiyaların maarifləndirilməsi üçün bu il də tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb: “MSK həm qanunvericiliyin tələbləri baxımından atılması lazım olan addımları atacaq, həm də maarifləndirmə istiqamətində əlimizdən gələni edəcəyik. Partiyalar da öz üzərlərinə düşən məsuliyyəti hiss etməlidirlər. Onlar da çalışmalıdırlar ki, qanunun bu tələbinə əməl etməklə yanaşı cəmiyyətin gözləntilərinə, məlumat almaq hüququna hörmətlə yanaşsınlar. Çünki bu, çox ciddi məqamdır. Ən azı elə partiya üzvlərinin maraqlarına xidmət edən tələbdir”.

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib. Qanunvericiliyə əsasən partiyalar hər il aprelin 1-ə qədər ötən ilin maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir. İndiyə qədər yalnız 42 partiya illik maliyyə hesabatlarını MSK-ya təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR