Təqsirləndirilən: "Hər zaman dövlətin yanında olmuşuq" - "NARDARAN İŞİ"

Təqsirləndirilən: "Hər zaman dövlətin yanında olmuşuq" - <span style="color: red;">"NARDARAN İŞİ"
# 02 fevral 2017 12:26 (UTC +04:00)

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərdən Elxan Həsənovun vəkili Ramiz Məmmədov çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxsin evində axtarış qanunsuz aparılıb və buna görə həmin axtarış protokolu sübutlar siyahısından çıxarılmalıdır. Vəkilin sözlərinə görə, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Elxan Həsənov haqqında verilən mənfi xasiyyətnaməyə imza atıb. Bu səbəbdən vəkil T. Qaraşovun iclasda şahid kimi dindirilməsini istəyib.

Təqsirləndirilən Elman Ağayevin vəkili Akif Əliyev isə deyib ki, müdafiə etdiyi şəxsin evində aparılan axtarışla bağlı tərtib olunan protokolda qeyd olunan hal şahidləri başqa cinayət işlərində də hal şahidi kimi iştirak ediblər. O, E. Ağayevin cinayət təqibinə xitam verilməsini istəyib.

Təqsirləndirilən Zülfüqar Mikayılovun vəkili Rüstəm Zülfüqarov da barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. Bildirib ki, cinayət işində qanunsuzluqlar olub. Z. Mikayılov vurğulayıb ki, hər zaman dövlətin yanında olublar və dövlətçilik ənənələrinə sadiq qalıblar. O, hər hansı cinayət törətmədiklərini deyib.

İclasda çıxış edən Mehman Məmmədovun vəkili isə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Prokuror vəsatətlərin təmin edilməməsini xahiş edib. Vəkillər isə bildiriblər ki, onlara verilən ittiham aktında iclasa çağırılacaq şahidlərin adları yoxdur. Onlar həmin siyahının verilməsini istəyiblər.

Proses fevralın 6-da davam edəcək. Vəsatətlərlə bağlı məhkəmə qərarı həmin gün açıqlanacaq.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

T. Bağırovun müavini Elçin Qasımov və daha bir qrup şəxsin məhkəmə prosesi isə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR