Vahid Əhmədov: “Azərbaycanın həyata keçirdiyi layihələr Ələt azad iqtisadi zonasının cəlbediciliyini artırır"

Vahid Əhmədov: “Azərbaycanın həyata keçirdiyi layihələr Ələt azad iqtisadi zonasının cəlbediciliyini artırır"
# 31 yanvar 2018 15:04 (UTC +04:00)

“Ələt azad iqtisadi zonası" haqqında qanun layihəsinin konsepsiyası tamamilə düzgün qurulub”.

Bunu “APA-Economics”ə açıqlamasında millət vəkili Vahid Əhmədov qanun layihəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, transmilli enerji, eləcə də beynəlxalq nəqliyyat layihələri, xüsusilə “Bakı Beynəlxalq Ticarət Limanı”nın böyük ərazidə tikilməsi və Qazaxıstanın “Aktau”, Türkiyənin “Samsun” və digər limanların da bu dəhlizə qoşulması layihənin daha da cəlbedici olmasını göstərir.

“Ələt azad iqtisadi zonasının cəlbedici məqamlarından biri də ölkəmizin etibarlı nəqliyyat dəhlizinə çevrilməsidir. Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin icrasına başlaması da mühüm amildir. Azad iqtisadi zonaların ən mühüm, üstün cəhəti ondan ibarətdir ki, orda mallar gömrük rüsumlarından, vergilərdən və maliyyə nəzarətinin bəzi formalarından azaddır. Amma bütün bunlara baxmayaraq, yaradılan gömrük orqanları qaçaqmalçılıq və digər qadağan olunmuş malların gətirilməsinin qarşısını almalıdır”, - deyə V. Əhmədov qeyd edib.

Millət vəkili bildirib ki, qanun layihəsində Ələt İqtisadi Zonasının maliyyə mənbələri də öz əksini tapıb: "Bura sahənin icarəyə verilməsi, kommersiya razılaşmaları, investisiya qoyuluşu və digər məsələlər daxildir".

Hazırda dünyada 1000-dən çox azad iqtisadi zonanın olduğunu deyən V.Əhmədov əlavə edib ki, bunların 300-ə yaxını azad ticarət zonalarıdır. Onun sözlərinə görə, dünya ticarət dövriyyəsinin 25%-i məhz bu ticarət zonalarının payına düşür.

"Azərbaycanda bir neçə layihəyə baxılıb, yalnız Ələt İqtisadi zonası daha perspektivli hesab edilə bilər. Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu, nəqliyyat-logistika mərkəzinin yaradılması, sərnişin və yükdaşımalarının kəskin artması bu layihəni daha da cəlbedici edir”, - deyə V.Əhmədov vurğulayıb.

Millət vəkili qeyd edib ki, qanun layihəsində investorların hüquqlarının tam qorunması da nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR