Azərbaycanda seçkilərin tarixi toplusu nəşr ediləcək

Azərbaycanda seçkilərin tarixi toplusu nəşr ediləcək
# 15 noyabr 2017 14:00 (UTC +04:00)


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

APA-nın xəbərinə görə, MSK sədri Məzahir Pənahov gündəlik barədə məlumat verib.

İclasda ilk olaraq, MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycanda seçkilərin tarixi toplusunun nəşri barədə danışıb. N. Məmmədov toplunun nəşrinin MSK-nın orqanı olan "Xəbərlər" jurnalının redaksiya heyətinə həvalə edilməsinin təklif edildiyini nəzərə çatdırıb. Toplunun MSK-nın təşkilati işlər üçün büdcədən ayrılan vəsait hesabına nəşri nəzərdə tutulur. N. Məmmədov deyib ki, toplunun MSK-nın saytında yerləşdirilməsi də təklif olunur.


MSK sədri M. Pənahov toplunun 1870-ci ildən bu günə qədər seçkilərin tarixini əhatə etdiyini qeyd edib: "1918-ci ildəki seçki qanunvericiliyi çox mükəmməl hazırlanıb. O dövrdə Azərbaycanda belə seçki qanununun hazırlanması çox müsbət haldır. Xüsusən qadınlara səsvermə hüququnun verilməsini qeyd etmək olar. O dövrdə Avropa ölkələrinin çoxunda qadınlara belə hüquq verilməmişdi. Xalq Cümhuriyyətinin ömrü az olsa da, o dövrdə siyasi proseslər çox gərgin olub. Buna baxmayaraq, o dövrdə belə qanun qəbul edilib və seçki keçirilib".

MSK sədri nəşrə hazırlanan Azərbaycanda seçkilərin tarixi toplusunun çapdan öncə rəy verilməsi üçün tarixçilərə də təqdim olunacağını söyləyib.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə də qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR