DMX rəisi Türkmənistan səfiri ilə görüşüb

DMX rəisi Türkmənistan səfiri ilə görüşüb
# 04 iyul 2018 17:10 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyevlə görüşüb.

DMX mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə iki ölkənin miqrasiya sahəsində əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

V. Hüseynov hazırda Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən yeniliklər barədə söhbət açıb. O bildirib ki, bir sıra vacib sahələrlə yanaşı, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi, əmək bazarının tənzimlənməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, bu sahədə meyarların qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunun təmin edilməsi istiqamətində mühüm tədbirlər reallaşdırılır.

Səfir M. İşanquliyev isə xalqlarımız arasında tarixən mehriban münasibətlərin mövcud olduğunu qeyd edib. Bildirib ki, siyasi, iqtisadi, diplomatik, ticarət və mədəni sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün bütün lazımi potensial var. Diplomat vurğulayıb ki, tarixən ticarət yolları bizim ölkələrimizdən keçib və bütün bu sadalananlar da miqrasiya mövzusunu aktual edir. Səfir Xidmətlə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini deyib.

Görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR