Azərbaycanlılar Haaqada etiraz aksiyası keçirib

Azərbaycanlılar Haaqada etiraz aksiyası keçirib
# 12 iyul 2017 08:40 (UTC +04:00)

Niderland Krallığında yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndində törətdikləri cinayətə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistanın Haaqada yerləşən səfirliyi qarşısında keçirilən aksiyada diaspor təşkilatlarının nümayəndələri, Niderlandda yaşayan soydaşlarımız iştirak edib. Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “İşğalçı ordu Azərbaycan ərazilərini tərk etməlidir” kimi şüarlar səsləndirilib. İştirakçılar dünya birliyini Ermənistanın işğalçılıq və soyqırım siyasətinə, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin həyatını itirməsi ilə nəticələnən təxribatlarına münasibət bildirməyə çağırıblar.

Qeyd edək ki, iyulun 4-də Ermənistan ordusu tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR