"Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

"Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
# 29 aprel 2016 12:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Fərid Əmiraslanov ifadə verib. O bildirib ki, Avropa Oyunları ilə bağlı xidmət edəcək sürücülərin siyahısınıəvvəldən hazırlayıblar: “Həmin siyahını idarəyə göndərdim. İdarə onu hüquq-mühafizə orqanlarına göndərib, yoxlatdırdı. Gələn siyahıdan 286 sürücünün adı çıxarılmışdı. Onların içində Vəli Əhmədov da var idi. Yanvar ayında həmin siyahıdan keçənləri təlimə göndərdik. Bizə tapşırıq gəldi ki, ikinci dəfə sürücülərə ehtiyac duyulacaq. Daşıyıcı şirkətlərə müraciət etdik. Yenidən siyahı göndərdilər. İkinci siyahıda Vəli Əhmədovun adı siyahıdan çıxarılmamışdı. Mənim ixtiyarım yoxdur ki, kiminsə adını əlavə edim və ya çıxarım. Vəzifəm məsləhətçidir. İndiyə qədər niyə vəzifə səhlənkarlığında təqsirləndirildiyimi anlamıram”.

Elçin Həsənov isə ifadəsində bildirib ki, telefonla qəzanın 17 saniyəlik videosunu çəkib. O bildirib ki, hadisənin görüntüsünü sonradan silib: “Həmin günün sonlarına yaxın rəis müavini mənə dedi ki, videonu məxfiləşdirilməlidir. Özü də tapşırdı ki, kimdə görüntü varsa, tez silsinlər. Mən də həmin zaman özümdə olan videonu sildim. Yayılan görüntülər də mənim telefonla çəkdiyim videolar deyildi. Həmin görüntülər kompüter vasitəsi ilə götürülmüşdü”.

Məhkəmə prosesi mayın 6-da davam edəcək.

Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR