AMEA elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi aparılıb

AMEA elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi aparılıb
# 04 noyabr 2015 14:41 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi həyata keçirilib. APA-nın məlumatına görə, bu barədə məlumatı AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev verib. AMEA Rəyasət Heyətinin iclasında çıxış edən alim bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan tələblərə uyğun olaraq Akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi həyata keçirilib.

Monitorinq nəticəsində məlum olub ki, son illər AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması istiqamətində bir sıra işlər görülüb: “AMEA-nın əksər elmi müəssisə və təşkilatlarının veb-saytları mövcuddur. Lakin bu veb-saytların bəzilərinin informasiya təminatı aktual vəziyyətdə saxlanılmır, dizayn və proqram təminatı müasir tələblərə cavab vermir”, deyə bildirən R.Əliquliyev monitorinqin nəticələrinə əsasən, AMEA üzrə veb-saytların vəziyyətini əks etdirən xüsusi arayışların hazırlandığını diqqətə çatdırıb. Həmçinin arayışlarda hər bir veb-saytın müvafiq tələblərə uyğunluğunun əks olunduğunu, aşkar olunan nöqsanların qeyd edildiyini deyib.

Sonda AMEA Rəyasət Heyəti məruzə ilə bağlı bir sıra qərarlar qəbul edib. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə tapşırılıb ki, veb-saytların informasiya təminatının aktual vəziyyətdə saxlanılması, proqram təminatı və dizaynının müasir tələblərə uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilsin. Veb-saytlarda “İnnovasiya” bölməsi yaradılsın və bölmə elmi müəssisə üzrə müvafiq məlumatlarla təmin edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR