Dövlət Xidməti: Gecikdirilmiş sosial xarakterli ödənişlərin təxminən yarısı "Azərinşaatservis"in payına düşür

Dövlət Xidməti: Gecikdirilmiş sosial xarakterli ödənişlərin təxminən yarısı "Azərinşaatservis"in payına düşür
# 11 yanvar 2016 09:39 (UTC +04:00)

Bakı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən il ərzində vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5 milyon 485 min 149 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu məbləğin 43%-i (2 milyon 362 min 875 manat) "Azərinşaatservis" ASC-nin işçilərə ödənilməsini gecikdirdiyi əmək haqlarından ibarət olub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən müvafiq tədbirlər nəticəsində “Azərinşaatservis” ASC həmin gecikdirilmiş əmək haqqı borcunu işçilərə tam şəkildə ödəyib.

Ümumilikdə son illərdə Xidmət tərəfindən əmək haqqı və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun şəkildə vaxtlı-vaxtında ödənilməsinə xüsusi diqqət yetirilir.

2015-ci il ərzində ödənilməsi təmin edilmiş gecikdirilmiş sosial xarakterli ödənişlərin 91,7%-ini (5 milyon 32 min 263 manat) əmək haqları, qalan hissəsini isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.

Bundan başqa, ötən il işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 22 nəfərin xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR