TPAO-nun rəhbəri: "Neftin ucuz olması Azərbaycanla həyata keçirdiyimiz layihələrə əngəl olmur"

TPAO-nun rəhbəri: "Neftin ucuz olması Azərbaycanla həyata keçirdiyimiz layihələrə əngəl olmur"
# 01 iyun 2016 09:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyənin TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkəti Azərbaycana təxminən 9 mlrd. dollar investisiya yatırıb.

"APA-Economics" xəbər verir ki, bunu TPAO-nun baş direktoru Besim Şişman deyib.

"TPAO 1994-cü ildən Azərbaycan bazarındadır. Bizim şirkət Türkiyənin Azərbaycandakı ən böyük investorudur. Bilirsiniz ki, "Şahdəniz" layihəsində iştirak payımızı 9%-dən 19%-ə yüksəltdik. Beləliklə, operatordan sonra ikinci ən iri səhmdarıq. Bundan başqa "Azəri-Çıraq-Günəşli" layihəsində 6,75%-lik payımız var. Bununla yanaşı, Cənubi Qafqaz Boru Kəməri layihəsinin 19%-nə sahibik. Anladığınız kimi, TPAO region üçün önəmli şirkətdir", - deyə baş direktor qeyd edib.

B. Şişman bildirib ki, TPAO yuxarıda qeyd edilən enerji layihələrindəki paylarını maliyyələşdirmək üçün həm yerli, həm də xarici banklardan kreditlər cəlb edir. "Neftin ucuzlaşması fonunda bu sahədə çalışan bütün şirkətlər tədbirli olmağa çalışır. Biz də istisna deyilik. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, həm Azərbaycan, həm də Türkiyə hökuməti qeyd etdiyim layihələrə güclü dəstək verir və neftin ucuzlaşması layihələrin icrasına əngəl törətmir. Konkret olaraq, bu il üçün TPAO kredit cəlb etməyəcək, buna ehtiyac yoxdur. Üstəlik, neft də bahalaşır və biz gözləmə mövqeyinə keçmişik. Növbəti il vəziyyətə yenidən baxacağıq", - deyə o bildirib.

Baş direktor qeyd edib ki, neftin 1 barrelinin qiyməti yaxın gələcəkdə 60 dolları ötəcək: "Hesab edirəm ki, neftin 1 barrelinin 60 dollar olması neft şirkətləri üçün qaneedicidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR