SOCAR kimya sənayesinin 70 illiyi ilə bağlı tədbir keçirib

SOCAR kimya sənayesinin 70 illiyi ilə bağlı tədbir keçirib
# 30 oktyabr 2015 13:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Sumqayıtda Azərbaycanda kimya sənayesinin yaranmasının 70 illik yubileyi münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, SOCAR rəhbərliyinin nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

R. Abdullayev və onu müşayiət edən şəxslər əvvəlcə “Azərikimya” İstehsalat Birliyinin baş ofisində olub, birliyin “Etilen-Polietilen” zavodunun müxtəlif istehsalat sahələri ilə əlaqədar elan edilmiş vakansiyalar üzrə İnsan Resursları Departamenti tərəfindən aparılan test imtahanının gedişi ilə maraqlanıblar. İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli elan olunmuş vakansiyalar və test imtahanları haqqında qonaqlara ətraflı məlumat verib. R. Abdullayev imtahan verəcək gənclərlə görüşüb, onlara uğurlar arzulayıb.

Sonra iştirakçılar tədbirin keçiriləcəyi Sumqayıtın Tarix Muzeyinə gəliblər. Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova Muzey barədə ətraflı məlumat verib. O bildirib ki, 1967-ci ildən fəaliyyət göstərən Sumqayıtın Tarix Muzeyində 14 000-dən artıq eksponat saxlanılır. Burada Heydər Əliyev guşəsi yaradılıb.

Muzeyin akt zalında keçirilən və kimya sənayesi veteranlarının, kimyaçı alimlərin, SOCAR və Sumqayıt şəhər rəhbərliyinin, millət vəkillərinin, şəhərin qurucuları olmuş görkəmli insanların, eləcə də şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirin rəsmi hissəsini “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev açaraq qonaqları salamlayıb, onları kimya sənayesinin 70 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

R. Abdullayev iştirakçıları kimya sənayesinin tarixi, əldə edilmiş uğurlar, qarşıda duran perspektivlər barədə geniş çıxış edib. R. Abdullayev kimya sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə Kimya Sənaye Parkının yaradıldığını, təməli möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qoyulmuş azot gübrəsi istehsal edəcək Karbamid zavodunun, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun, eləcə də yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisinin uğurla davam etdirildiyini söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin əlamətdar yubiley münasibəti ilə kimyaçıların bir qrupunun ali dövlət mükafatları ilə təltif etməsini kimyaçılara göstərilən daimi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirən SOCAR prezidenti kimyaçıların adından ölkə başçısına dərin minnətdarlığını ifadə edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan neftçiləri və onların avanqard qüvvəsi olan neft kimyaçıları vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə həmişə olduğu kimi bundan sonra da fədakarlıqla çalışacaqlar.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək kimyaçıları bayram münasibətilə təbrik edib, ölkə iqtisadiyyatının inkişafı naminə gördüyü işlərdə onlara uğurlar arzulayıblar. Veteran kimyaçı Firuddin Mustafayev ötən dövr ərzində yüzlərlə kimyaçının əməyinin dövlətimiz tərəfindən fəxri adlar, müxtəlif orden və medallarla qiymətləndirildiyini qeyd edib.

Sonra uzun illər kimya sənayesində çalışmış, bu sahədə səmərəli fəaliyyət göstərmiş qabaqcıl kimyaçıların müxtəlif mükafatlarla təltif olunma mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin 26 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, prezidentin fərdi təqaüdü və “Tərəqqi” medalı ilə təltif olunmuş kimyaçılara, SOCAR-ın prezidentin əmri ilə fəxri fərman və pul mükafatlarına layiq görülən 19 nəfər kimyaçıya, Z. Fərəcovun əmri ilə təltif olunan 10 nəfər kimyaçıya mükafatlar təqdim olunub. Bundan əlavə, 15 kimyaçı da “Azərikimya” İstehsalat Birliyi tərəfindən fəxri fərman və pul mükafatlarına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR