AZƏRTAC-ın baş direktoru Çin səfirliyinin müşaviri ilə görüşüb

AZƏRTAC-ın baş direktoru Çin səfirliyinin müşaviri ilə görüşüb
# 02 noyabr 2015 16:58 (UTC +04:00)

Bakı – APA. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xonçi AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşüb.

APA-nın məlumatına görə, A. Aslanov agentliyin tarixi, fəaliyyəti, dünya ölkələrinin informasiya agentliklərini birləşdirən beynəlxalq qurumlarda iştirakı barədə çinli qonaqlara məlumat verib.

Qeyd edilib ki, Azərbaycanla Çin arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr inkişaf edir və möhkəmlənir.

A. Aslanov vurğulayıb ki, AZƏRTAC Çinin Sinxua informasiya agentliyi ilə həm ikitərəfli formatda, həm də beynəlxalq xəbər alyansları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu əməkdaşlığa qarşılıqlı informasiya mübadiləsi, müştərək layihələrin həyata keçirilməsi, Azərbaycanı Çində, Çini isə Azərbaycanda daha yaxşı təqdim etməyə imkan verən yaradıcılıq əlaqələri daxil ola bilər.

A. Aslanov bildirib ki, AZƏRTAC keçən ildən Çin dilində informasiya yaymağa başlayıb. Bu, çinli oxucuları Azərbaycan reallıqları ilə tanış etməyə, ölkəmiz haqqında həqiqəti onlara çatdırmağa imkan verir. Bundan əlavə, AZƏRTAC Azərbaycandakı Konfutsi İnstitutu ilə sıx qarşılıqlı əlaqə saxlayır, Çində agentliyin müxbir məntəqəsi fəaliyyət göstərir, onun təşkilati dəstəyi ilə bu ölkədə bir sıra tədbir keçirilib.

Y. Xunçi isə AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, 7 dildə informasiya buraxılışı çox böyük və ağır zəhmətdir: “Bu işin öhdəsindən yalnız sizin 95 yaşlı AZƏRTAC kimi iri və təcrübəli informasiya agentliyi gələ bilər”. AZƏRTAC-ın Çində populyar olduğunu deyən diplomat səfirliklə AZƏRTAC arasında informasiya sahəsində qarşılıqlı əlaqələri genişləndirmək, hər iki ölkənin ictimaiyyətini Çinin və Azərbaycanın həyatı ilə tanış etməyə imkan verən müştərək layihələr reallaşdırmaq arzusunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR