Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması barədə məlumatlara münasibət bildirib

Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması barədə məlumatlara münasibət bildirib
# 01 fevral 2016 08:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. "Mənim Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmağım barədə məlumatlar həqiqəti əks etdirmir".

APA-nın məlumatına görə, bunu Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidov bildirib ki, onun AŞPA-ya məktub yazdığı və erməni tərəfinin sessiya vaxtı guya bu məktubdan istifadə etməsi barədə xəbərlər də əsassızdır.

O, nümayəndə heyətinin rəhbəri kimi səlahiyyətlərini davam etdirdiyini, AŞPA-nın qış sessiyasında isə yalnız səhhətində yaranmış problemlərə görə iştirak edə bilmədiyini qeyd edib.

Qeyd edək ki, S. Seyidovun Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması barədə haqqin.az məlumat yayıb. Məlumatda bildirilirdi ki, Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsinin müzakirəsinə bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.

Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.

Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.

Bundan sonra qərara alınıb ki, Səməd Seyidov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılsın. Onun yerinə isə millət vəkili Vüsal Hüseynov təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR