Azərbaycan Respublikası Prokurorluğu daha bir mötəbər quruma üzv qəbul olunub - FOTO

Azərbaycan Respublikası Prokurorluğu daha bir mötəbər quruma üzv qəbul olunub - <span style="color: red;">FOTO
# 23 noyabr 2015 09:10 (UTC +04:00)

Bakı-APA. Parisdə korrupsiyaya qarşı mübarizə məqsədi ətrafında peşəkarları birləşdirən müstəqil forum olan Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin (EACN) 15-ci illik Peşəkar Konfransı və Baş Assambleyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və inzibati tədbirlərin balanslaşdırılmış tətbiqi” mövzusunda keçirilən tədbir Fransa Milli Polisi Baş İnspektorluğunun təsis edilməsinin 130 illiyi münasibəti ilə həmin qurumun inzibati binasında baş tutub.

Qeyd edilən qurumların prezidenti, eləcə də Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kesslerin 2014-cü ilin noyabrında Azərbaycan Respublikasına rəsmi səfəri zamanı baş prokuror Zakir Qaralovla əldə edilmiş razılığa əsasən Azərbaycan Respublikası Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin EPAC və EACN-ə üzvlük məsələsinin baxılması məqsədi ilə Fransa Milli Polisi Baş İnspektorluğunun rəhbəri xanım Mariya Frans Moneger-Quyomarş və OLAF-ın baş direktorunun dəvəti ilə sözügedən tədbirlərdə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.

Baş Assambleyada Azərbaycanın quruma üzvlük məsələsinə baxılıb. Səsvermədən əvvəl K.Əliyev çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olmaqla beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməklə tətbiq edilməsinin beynəlxalq əməkdaşlığın prioritet istiqaməti olduğunu vurğulayıb. Daha sonra səsvermə keçirilib və Azərbaycan Respublikası Prokurorluğu qeyd olunan təşkilata üzv qəbul edilib.

Konfransda iştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.

Tədbir çərçivəsində İspaniya, Ukrayna və Litvanın ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Konfransın sonunda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi məqsədi ilə “Paris bəyannaməsi” qəbul edilib və 16-cı illik Konfransın Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə üzrə Bürosunun (KNAB) təşkilatçılığı ilə Latviyanın Riqa şəhərində keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR