Astara rayonunun ucqar dağ kəndlərinə yeni avtomobil yolu çəkilir - FOTO

Astara rayonunun ucqar dağ kəndlərinə yeni avtomobil yolu çəkilir - <span style="color: red;">FOTO
# 18 sentyabr 2015 11:56 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Prezidenti İlham Əliyevin bu ilin 13 aprel tarixində Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolunun salınması ilə əlaqədar imzaladığı Sərəncam uğurla icra olunmaqdadır. APA-nın cənub bürosunun məlumatına görə, tikinti təşkilatlarının kollektivləri ən müasir texnikanın köməyi ilə sıldırım dağlar qoynunda qızğın fəaliyyət göstərirlər.

Qısa müddət ərzində keçilməz qayalıqlar dağıdılaraq təmizlənib, hamarlanmış yollara çınqıl döşənib, nəticədə Taxtanəkəran kəndindən Hamoşam kəndinə qədər 20 km-ə yaxın məsafədə avtomobil yolları nəqliyyatın hərəkəti üçün tam normal vəziyyətə gətirilib. Qısa müddətdə Toradi kəndinə qədər yollarda təmizlənmə və yataq işləri başa çatdırılacaq.

Tikinti təşkilatının nümayəndəsi Ramiz Ağayevin sözlərinə görə, çox çətin və mürəkkəb relyefə malik dağlıq ərazidə müasir standartlara cavab verən avtomobil yolunun çəkilişi heç də asan deyil: "İş zamanı biz çox çətinliklərlə rastlaşırıq. Elə vaxt olur ki, nəzərdə tutulmayan işlərin də görülməsi məcburiyyəti qarşısında qalırıq. Rayon icra hakimiyyətinin rəhbərliyi daim işimizlə maraqlanır, rast gəldiyimiz çətinliklərin aradan qaldırılmasına yaxından köməklik göstərir. Avtomobil yolunun daha da genişləndirilməsi, su ötürücü kanalların qazılması, suburaxan boruların qoyulması istiqamətində konkret tədbirlər həyata keçirilib. Şübhəsiz ki, yol çəkilişində ətraf kəndlərin sakinləri yaxından köməklik göstərirlər. Biz avtomobil yollarının yüksək standartlara uyğun olaraq yenidən qurulması üçün xaricdə istehsal olunmuş ən müasir texnikadan, ağırtonnajlı yük maşınlarından, qayaları və daşları parçalayan ekskavator, buldozer və qreyderlərdən istifadə edirik. Əlbəttə, dar və keçilməz yollarda belə texnikadan istifadə edilməsi çox çətin və risklidir. Lakin biz ölkə başçısının Sərəncamının layiqincə yerinə yetirilməsi üçün bütün çətinliklərə dözür, işlərin yüksək keyfiyyətlə başa çatdırılması üçün qüvvələrimizi səfərbərliyə alırıq".

İlin sonunadək Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi istiqamətində yaşayan iyirmi mindən çox əhali, eyni zamanda qonşu Lerik rayonunun Toradi kəndi ilə sərhəddə yerləşən Vılık, Vəcələgerə, Lodə, Kaqoy, Tülü, Hübi və digər kəndlərinin minlərlə sakini rahat asfalt yoldan istifadə etmək imkanı qazanacaq. Nadir təbiət gözəlliyinə malik bu dağlıq ərazi rahat yoldan sonra turistlərin də tez-tez gəldikləri məkana çevriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR