Baş direktor: “ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır”

Baş direktor: “ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır”
# 23 noyabr 2015 07:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “ISESCO ilə Azərbaycan arasında sıx və məhsuldar əlaqələr təşəkkül tapıb. Biz indiyədək bir çox tədbiri birgə keçirmişik. Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi və köməyi ilə bu tədbirlər baş tutub”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən ISESCO-nun XII Baş Konfransı və İcraiyyə Şurasının iclasında ISESCO-nun baş direktoru Əbdüləziz Osman Tüveycri deyib. Onun sözlərinə görə, on ildə təmsil etdiyi beynəlxalq təşkilat müxtəlif mövzulu tədbirlər keçirib: “ISESCO-nun baş konfransının belə gözəl ölkədə keçirilməsi təşkilatla Azərbaycan arasında gözəl əməkdaşlığın göstəricisidir. Buna görə bir daha Azərbaycana təşəkkür edirik. Bizim mövqelərimiz güclənib və bundan sonra mövqelərimizi daha da gücləndirməliyik. İcraiyyə Şurasının iclası ilə yeni tədbir planının hazırlığına start verilir. Bununla bağlı büdcə məsələlərini də nəzərdən keçirəcəyik. Biz artıq yeni mərhələnin başlanğıcındayıq və mövqelərimizi gücləndiririk. Anlayırıq ki, vəzifələrimiz və məsuliyyətimiz böyükdür. Biz İslam ümmətinə xidmət edərək təhsil məsələlərini gücləndirməli, elmi tədqiqatları genişləndirib inkişafa nail olmalıyıq”.

Baş direktoru müsəlman aləmində baş verən silahlı münaqişələrdən narahat olduğunu diqqətə çatdırıb: “Təşkilat olaraq, elmi-mədəni və təhsil imkanlarından məhrum olmuş müsəlman icmalarının qarşısına çıxmalıyıq və onlara imkanlarımızdan istifadə etməyə şərait yaratmalıyıq. Müsəlman qardaşlığının gücləndirilməsi vacibdir. Bunlar terrorçuluğun aradan qaldırılması üçün zəruridir. Qərb mətbuatında İslam sivilizasiyası haqqında verilən səhv məlumatların və yanlış təbliğatın qarşısını almalıyıq. Müsəlman təşkilatların səsi beynəlxalq aləmdə o qədər də eşidilmir. Təəssüf ki, bu belədir. Biz göstərməliyik ki, İslam dini sülh, savad, mədəniyyət və təhsil dinidir. Gələcəkdə medianın bu sahədə oynadığı rola diqqət etməliyik. ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR