Prezident İlham Əliyev Qəbələdə səfərdədir

Prezident İlham Əliyev Qəbələdə səfərdədir
# 10 avqust 2016 14:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gəlib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.

İ. Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında da iştirak edib. Məlumat verilib ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.

Azərbaycan prezidenti həmçinin Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR