Nardaranda baş verən silahlı insidentlə əlaqədar daha bir nəfər həbs olunub

Nardaranda baş verən silahlı insidentlə əlaqədar daha bir nəfər həbs olunub
# 23 dekabr 2015 10:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nardaranda baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulub.

APA-nın xəbərinə görə, Cəbrayıl rayon sakini Bəhramov Nahid Nəsib oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq təcridxanasında saxlanılır.

Məlumata görə, N. Bəhramov Taleh Bağırovun tərəfdaşlarından olub. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində onun Taleh Bağırovla bir neçə dəfə telefon əlaqəsi yaratdığı ortaya çıxıb. Lakin N. Bəhramov Nardaranda baş vermiş hadisələr zamanı orada olmayıb. Bundan əlavə, N. Bəhramov 2012-ci ildə Bakıda Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq!” aksiyasında da iştirak edib və həmin vaxt həbs edilənlər sırasında olub.

O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və digər maddələrinə əsasən təqsirləndirilir.


Qeyd edək ki, noyabrın 26-da Bakının Naradaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Nəticədə polisə müqavimət göstərən 4 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub.

Taleh Bağırov başda olmaqla, dəstənin 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR