Penitensiar xidmətin rəisi BQXK-nın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni direktoru ilə görüşüb

Penitensiar xidmətin rəisi BQXK-nın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni direktoru ilə görüşüb
# 13 oktyabr 2015 12:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin edilmiş direktoru Patrik Vialın Azərbaycana rəsmi səfəri çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində görüş keçirilib.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Patrik Vial, onun müavini Severin Şappa, BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dəniz Duran və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynovadan ibarət nümayəndə heyətini ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev qəbul edib.

Nazir müavini Azərbaycanın penitensiar sistemində aparılan islahatlar, Penitensiar xidmətin hal-hazırkı fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülən işlər barəsində məlumat verib.


BQXK-nın ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirən M. Quliyev komitənin Ədliyyə Nazirliyi ilə əməkdaşlığın səmərəliliyini xüsusi vurğulayıb. Qeyd edilib ki, BQXK-nin nümayəndələri mütəmadi olaraq Penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirir, cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olur, fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədi ilə müvafiq tövsiyələr təqdim edirlər. Monitorinqlərin nəticələri ilə bağlı BQXK-nin tövsiyələri Penitensiar xidmət tərəfindən diqqətlə öyrənilir, təhlil aparılır və müvafiq tədbirlər görülür. Məhz əməkdaşlığın səmərəliliyi nəzərə alınaraq BQXK ilə AR Ədliyyə Nazirliyi arasında mövcud Sazişin müddəti uzadılıb.


BQXK-nin Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin edilmiş direktoru P. Vial müəssisələrə baş çəkilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şəraitin yaradılmasına və monitorinqlərin nəticələrinə dair hesabatlara xüsusi diqqətlə yanaşıldığına görə minnətdarlığını ifadə edib.

Görüşdə BQXK nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Ədliyyə general-leytenantı M. Quliyev BQXK-nin nümayəndələrindən çatışmazlıqların müəyyən edilərək diqqətə çatdırılmasını xahiş edib, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR