Binəqədi rayonunda 8 Mart münasibəti ilə tədbir keçirilib

Binəqədi rayonunda 8 Mart münasibəti ilə tədbir keçirilib
# 09 mart 2017 09:13 (UTC +04:00)

8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Binəqədi rayonunda “Bəşərin əbədi tacıdır Ana” adlı bayram tədbiri təşkil olunub.

Binəqədi İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, müavini Aygün Əliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Binəqədi RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.

Tədbirdə çıxış edən İ. Süleymanov, M. Cəfərzadə 8 Mart bayramı qadınları təbrik ediblər. Natiqlər qeyd ediblər ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. O cümlədən natiqlər bildiriblər ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın fəxri fərman və hədiyyələrlə təltif olunub.

Tədbir bədii hissə ilə davam etdirilib, 115 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən “Sən kimsən Azərbaycan qadını”, əsgərlər kompozisiyası, dahi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən maraqlı səhnəciklər nümayiş etdiriblər. Tədbirin sonunda xalq artistləri Nəzakət Teymurova və Samir Cəfərovun ifalarında ana haqqında mahnılar səsləndirilib, tədbirdə iştirak edən qadınlara gül hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR