Nazir: "Əmək bazarının əlillər üçün uyğunlaşdırılmasına ehtiyac var"

Nazir: "Əmək bazarının əlillər üçün uyğunlaşdırılmasına ehtiyac var"
# 11 dekabr 2017 09:09 (UTC +04:00)

"Bu gün Azərbaycanda 624 min əlilliyi olan şəxsin təxminən 26 min nəfəri birinci qrup əlil kimi pensiya alanlardır".

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, ölkədə sosial müavinət alan əlillərin sayı 22 min nəfər təşkil edir.

"Təqribən hər il əmək qabiliyyəti olan əlillərin 2%-nin əmək qabiliyyətinin bərpa olunması baş verir. Əlbəttə, bu, aşağı rəqəmdir və mən buna təəssüf edirəm. Amma bu gün nazirliyimizin tərkibində fəaliyyət göstərən 15-ə yaxın bərpa-reabilitasiya mərkəzi var ki, bunlar bu proseslə məşğul olurlar və bu göstəricinin artırılmasına nail olmaq istəyirik. Bu gün əlilliyi olan 624 min nəfərin 323 min nəfəri əmək qabiliyyəti yaşda olan əlillərdir. Təəssüflər olsun ki, bunların çox az hissəsi - təqribən 10%-ə yaxını işləyən əlillərdir. Avropa ölkələrinin təcrübəsinə baxsaq, ortalama əmək qabiliyyəti olan əlillərin 40%-ə yaxını işlə təmin olunur. Bizdə bu göstərici 10%-dir. Qonşu ölkələrlə nisbətdə bu uyğun rəqəmdir. Amma bütün hallarda mən düşünürəm ki, bunun sayının artırılmasına ehtiyac var. Bunun üçün yanaşma dəyişməlidir və əlilliyi olan şəxslərin iqtisadi suverenliyi təmin olunmalıdır. Bu istiqamətdə ən vacib məsələlərdən biri əmək bazarının əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmasında qanunvericiliyin təkmilləşdirilməsidir", -deyə nazir vurğulayıb.

S.Müslümov vurğulayıb ki, bu gün həm Əmək Məcəlləsində, həm məşğulluq haqqında qanunda, həm əlillərin sosial müdafiəsi haqqında qanunvericilikdə əlillərin hüquqlarının qorunması istiqamətində müəyyən prefensiyalar nəzərdə tutulub: "Əlbəttə bunlar passiv sosial təminat tədbirlərinə və yaxud əlillərin cəmiyyətdən təcrid olunaraq xüsusi kateqoriya kimi baxılmasına aid olan, vaxtilə qəbul olunmuş müddəalardır. Onların dəyişdirilməsinə ehtiyac var və biz 2014-cü ildə Cenevrədə əlillərin müdafiəsinin hüquqları üzrə hökumətin birinci hesabatını BMT-nin Əlillərin hüquqlarının müdafiəsi komitəsinə verən zaman onların da bu sahədə iradlarını nəzərə alaraq əlillərin hüquqlarının müdafiəsi haqqında yeni qanun layihəsi hazırlamışıq və o qanun layihəsi artıq Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim olunub. Düşünürəm ki, yaxın zamanlarda Milli Məclisə bu qanun layihəsinə yenidən baxılması gündəmə gələcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR