Böyükşor bulvarı turistlərin, idmançıların, qonaqların istirahət məkanına çevriləcək - REPORTAJ - VİDEO

Böyükşor bulvarı turistlərin, idmançıların, qonaqların istirahət məkanına çevriləcək - <span style="color: red;">REPORTAJ   - <span style="color: red;">VİDEO
# 05 iyun 2015 07:22 (UTC +04:00)

Tezliklə Böyükşor bulvarı çox saylı turistlərin, idmançıların, qonaqların istirahət məkanı olacaq. Əsas idman arenalarının bu əraziyə yaxın yerləşməsi bulvarı tezliklə çoxsaylı qonaqların gəzinti yerinə çevirəcək.

Abadlıq işləri aparılan ərazinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib, yerində park salınıb. Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir.

"Təmiz Şəhər" ASC İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov bir il öncə bu ərazinin neftlə çirklənmiş torpaqlar olduğunu deyir: “Yer üstündə neft, qaz, su xətti boruları vardı. Bu borular yeraltına köçürüldü, neftlə çirklənmiş ərazi təmizləndi. Gölün dibi də çirklənmişdi. Bu günə qədər 2.8 milyon kub metr neftlə çirklənmiş dib çöküntüsü çıxarılaraq xüsusi təcrid olunmuş anbarlarda toplanılıb”.

Çirkab sularının gölə axıdılmasının qarşısının almaq üçün kanalizasiya xətləri çəkilib. Gölün qərb hissəsində isə bənd qurulub. Bu bənd gələcəkdə Ziya Bünyadov və Balaxanı şosesini birləşdirəcək 8 xətli yolun əsası olacaq. Gölün təmizlənməsi üçün Hollandiya şirkəti ilə əməkdaşlıq edilib.

Oqtay Məmmədov deyir ki, Böyükşor gölü tarixən çirklənməyə məruz qalan və neft quyularının və çirkab sularının axıdılması nəticəsində yaranıb: “Bu göl 100 ildən çoxdur ki, çirklənir. Böyükşor gölü dünyada ən çirklənmiş göldür, biz çalışmışıq ki, gölün təmizlənməsi üçün ən uğurlu təcrübələrdən istifadə edək, işə ən yaxşı mütəxəssisləri cəlb edək. Çünki hədəfimiz Avropa Oyunları başlamazdan öncə gölün bu hissəsinin 300 ha yaxın ərazisini təhvil vermək idi”.

Bu, hələ son deyil. Yaxın günlərdə təmizlənmə işlərinin ikinci mərhələsinə başlanılacaq. Oqtay Məmmədovun sözlərinə görə, ikinci mərhələnin başlaması üçün ölkə başçısının müvafiq tapşırıqları olub: “İkinci mərhələ yaxın zamanlarda başlayacaq. Böyükşor gölünə kənar müdaxilələrin qarşısı tam alınacaq. Ətraf ərazilərdə çirklənmə mənbələri ləğv ediləcək. Bundan əlavə suvarma sisteminin təchizi, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün davamlı işlər həyata keçirməyi planlaşdırırıq.

Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.

Bu qurğu hər 20 dəqiqədən bir suyun müxtəlif keyfiyyət parametrlərini, duzluluq, oksigen, temperatur, yosunların səviyyəsi və sair məlumatları mərkəzi ofisə ötürür. Bu məlumatların əsasında müvafiq tədbirlər görülür. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi əraziyə gözəllik verməklə yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir.

Yaxın günlərdə gölün ərazisinə 10 nəfərlik gəzinti gəmisi gətiriləcək. Bununla da hər kəs gölün ərazisində rahatlıqla gəzə biləcək.

Bulvarda kafe və restoranlar, 4 uşaq meydançası, 2 idman meydançası qurulub. Ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib.

Parkın ərazisində velosiped sürək istəyənlər üçün hər cür şərait yaradılıb. Parka 60 velosiped gətirilib, 200 velosiped dayanacağı quraşdırılıb.

İnsanların gəzintisini nəzərə alaraq yaxın günlərdə bura elektriklə işləyən avtobuslar gətiriləcək. Parkda piknik üçün də yer ayrılıb.

Sovet dövründən neft tullantıları, kanalizasiya və çirkab suları ilə çirklənən Böyükşor gölü indi tamamilə təmizlənib. Artıq buradan üfunət və çirkab qoxusu deyil, gül, çiçək qoxusu gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR