Azərbaycan banklarının xarici borclanması ardıcıl 5 aydır azalır

Azərbaycan banklarının xarici borclanması ardıcıl 5 aydır azalır
# 07 sentyabr 2015 10:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 2 033,5 mln. manat və ya 44,91% artaraq 2015-ci ilin avqustun 1-nə 6 561,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin yanvarı ilə müqayisədə fevralda bankların məcmu xarici öhdəliklərin həcmi 2 532,6 mln. manat və ya 51,31% artıb. Fevral ilə müqayisədə martda bankların məcmu xarici öhdəliklərin həcmi 130,1 mln. manat və ya 1,74%, mart ilə müqayisədə apreldə 207,6 mln. manat və ya 2,83%, aprel ilə müqayisədə mayda 148,4 mln. manat və ya 2,08%, may ilə müqayisədə iyunda 353 mln. və ya 5,06%, iyun ilə müqayisədə iyulda 67,7 mln. manat və ya 1,02% azalıb.

Göründüyü kimi, fevralda bankların xarici öhdəliklərinin kəskin artımı baş verib. Aydındır ki, bankların xarici borclanmasında kəskin artıma əsasən fevralın 21-də Azərbaycan Mərkəzi Bankının manatın məzənnə korreksiyası ilə bağlı qərarı təsir edib. Amma martdan başlayaraq bankların borclanması azalmağa başlayıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2015-ci ilin avqustun 1-nə 4 497,4 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 286,2 mln. manat və ya 40,05% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin iyun ayı ilə müqayisədə iyulda 110,8 mln. manat və ya 2,53%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR