Bakıda Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD konfransı keçiriləcək

Bakıda Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD konfransı keçiriləcək
# 05 sentyabr 2015 09:58 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, “Gülüstan” sarayında təşkil olunacaq konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edəcək.

Sentyabrın 7-də Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumu və Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Almaniyanın Münster Universitetinin Gömrük və Aksiz Departamenti arasında elm və təhsil sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanacaq. Sonra Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Kinoloji Təlim Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək və MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə V yarışına start veriləcək.

Sentyabrın 8-də, Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransının açılış mərasimində Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Don-Hyunq Linin iştirakı nəzərdə tutulub.

Tədbirin ilk günü Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru (ABŞ) Erik Maskin “Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?” və Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin Baş direktoru (Birləşmiş Krallıq) Mik Mur isə “Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi” adlı əsas məruzə ilə çıxış edəcəklər.

Sonra konfrans “Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və “Qlobal Dəyər Zəncirləri” adlı sessiyalarla işini davam etdirəcək, bu bölmələr üzrə məruzələr dinləniləcək.

Sentyabrın 9-da isə konfransın sessiyaları “Gömrük sahəsində yeniliklər”, “Qlobal Dəyər Zəncirləri”, “Gəlir və tarif məsələləri”, “Saxtakarlıq və faktlar” məsələlərinə həsr olunacaq. Həmin gün əsas məruzə ilə Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin professoru (ABŞ) Edvard K.Preskott çıxış edəcək.

Sentyabrın 10-da konfrans öz işini “Saxtakarlıq və faktlar”, “Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması”, “Gömrük risklərinin idarə edilməsi”, “Qeyri-formal ticarət” adlı sessiyalarla yekunlaşdıracaq. Həmin gün isə “Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri” adlı əsas məruzə ilə Nobel mükafatı laureatı, Santa Barbarada yerləşən Kaliforniya Universitetinin professoru (ABŞ) Finn Kidland çıxış edəcək.

Sentyabrın 11-də isə Bakı şəhərində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin rəsmi açılış mərasimi gerçəkləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR