Təcili yardım xidmətinə günvurma diaqnozu ilə 26 müraciət daxil olub

Təcili yardım xidmətinə günvurma diaqnozu ilə 26 müraciət daxil olub
# 09 iyul 2015 13:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardıma günvurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət etmiş şəxslərdən 8-nə orta dərəcəli günvurma diaqnozu qoyulub və stasionara yerləşdirilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilmiş və evlərinə buraxılıb.

Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən gün vurma halları ilə müraciət etmiş vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.

May ayından etibarən bu günə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 34 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət edib. İlan sancma hallarının əksəriyyəti Bakı və ətraf rayonların payına düşür.

Yuxarıda qeyd olunan tarixdən bu günə kimi əqrəb sancması diaqnozu ilə 4 nəfər müraciət edib. Müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR