FHN təlim keçirib

FHN təlim keçirib
# 28 oktyabr 2014 14:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Litva Səhiyyə Nazirliyinin Radiasiyadan Qorunma Mərkəzi və Layihələrin İdarə edilməsi üzrə Mərkəzi Agentliyi ilə birgə “Heydər Əliyev Beynəlxalq Aeroportunda qəsdən “çirkli bomba” partladıldığı halda mülki müdafiə strukturlarının hərəkəti” mövzusunda masaüstü təlim keçirib.

APA FHN-in saytına istinadən məlumatına görə, təlim Avropa İttifaqı ilə həyata keçirilən “Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişaf etdirilməsi” Tvininq layihəsi çərçivəsində, 2015-ci ildə keçiriləcək “Bakı 2015 Avropa Oyunlarına” hazırlıqla əlaqədar təşkil olunub.

Masaüstü təlimin əsas məqsədi müvafiq qurumların baş verə biləcək hər hansı böyük radioloji qəza hallarında cavab tədbirlərinin həyata keçirilməsinə dair hazırlığının gücləndirilməsi olub. Təlimə Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları və Heydər Əliyev Beynəlxalq aeroportunun Təhlükəsizlik İdarəsinin əməkdaşları cəlb olunublar.

Təlimdə radioloji qəza şəraitində cavabvermə tədbirlərinin ümumi idarə olunması, əhali və kütləvi informasiya vasitələrinin məlumatlandırılması, ətraf mühitin yüksək radioloji çirklənməsi zamanı müvafiq orqan və təşkilatların birgə fəaliyyət göstərməsi, radioloji qəzaların nəticələrinin aradan qaldırılması zamanı ətraf mühit və insanların radioaktiv çirklənməsinin qiymətləndirilməsi və radioaktiv maddələrin təsiri nəticəsində xəsarət almış, şüalanmaya və ya radioloji çirklənməyə məruz qalmış şəxslərə tibbi yardım göstərilməsinə hazırlıq məsələləri, həmçinin beynəlxalq yardım alınması üçün müraciət qaydası qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR