Azərbaycanda bankdan kredit götürənlərin həyatı sığortalanacaq

Azərbaycanda bankdan kredit götürənlərin həyatı sığortalanacaq
# 17 oktyabr 2014 07:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycana bankdan kredit götürən şəxslərin həyatı sığortalanacaq.

APA-Economics”in məlumatına görə, Maliyyə Nazirliyi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nı təsdiqləyib. Bu qaydalara əsasən kredit götürənlər həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanacaqlar.

Lakin istisnalar olacaq. Yaşı 18-dən aşağı, 65-dən yuxarı olanlar, I və II qrup əlillər, narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər, hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS xəstələri ilə bağlı sığopta müqaviləsi bağlanılmır.

Qaydalara əsasən bu sığorta müqaviləsi ən azı müəyyən risklərdən sığorta təminatı verməlidir. Bunlar sığorta olunanın ölməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar olaraq əlillik dərəsəsi almasıdır. Bu hallar baş verərsə, sığorta ödənişi edilir.

Sığorta olunan şəxs müqavilədən sonrakı iki il ərzində intihar edərsə, ona görə ödəniş edilməyəcək, bir şərtlə ki, o üçüncü şəxslərin hüquqazidd hərəkətləri nəticəsində intihar etməyə məcbur edilmiş olmasın.

Bundan başqa, sığorta olunanın hərbi əməliyyatlarda, vətəndaş qarşıdurmalarında, hərbi çevrilişlərdə və xalq iğtişaşlarında fəal iştirakı, sığorta olunanın sığorta hadisəsi hesab edilə bilən hadisə ilə birbaşa əlaqəsi olan qanunazidd hərəkətləri nəticəsində baş verən hadisələrə görə də ödəniş edilməyəcək. Digər tərəfdən, sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi halında da ödəniş olmayacaq.

Müştəri riskli idman növləri (qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi) ilə məşğul olduqda və ya bu kimi digər hallarda da ödənişdən imtina olunacaq.

Qaydalara görə, sığorta müqaviləsi bağlanarkən sığorta şirkəti müştəriyə hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş və müqavilənin əsas xüsusiyətləri göstərilən yaddaş vərəqi verməlidir. Qaydalara görə, hadisə baş verdikdə müştərinin özü və ya faydalanan tərəf sığorta şirkətinə 1 ay müddətində məlumat verilməlidir. Öz növbəsində sığorta şirkəti ödəniin verilib verilməyəcəyi barədə qərarını 7 gün ərzində bildirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR