Nazir Səlim Müslümov BMT-nin xüsusi sessiyasında çıxış edib

Nazir Səlim Müslümov BMT-nin xüsusi sessiyasında çıxış edib
# 23 sentyabr 2014 07:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyası öz işinə başlayıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sessiyada çıxış edərək, ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf şəraitində demoqrafik sabitliyə nail olunması üçün görülən işlər və əldə olunan uğurlar barədə məlumat verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, ötən 20 ildə Azərbaycanda əhali sakinliyi ilə bağlı məsələlərin həlli sahəsində həyata keçirilən kompleks tədbirləri diqqətə çatdıran nazir bildirib ki, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə Demoqrafik İnkişaf Konsepsiyası təsdiq edilib. Konsepsiyanın icrası olaraq, ölkənin demoqrafik potensialının reallaşdırılması məqsədilə əhali sağlamlığının möhkəmləndirilməsi, o cümlədən reproduktiv sağlamlıq, təhsilin keyfiyyətinin artırılması, əhalinin, həmçinin həssas qrupların məşğulluğunun təminatı, gender bərabərliyinə nail olunması, miqrasiya proseslərinin səmərəli tənzimlənməsi və s. istiqamətlərdə mühüm işlər görülüb. Ölkənin mövcud səhiyyə və təhsil infrastrukturunun demək olar ki, yarısı məhz son 20 ildə yaradılıb.

S. Müslümov Azərbaycanda demoqrafik siyasətin ölkənin milli və demoqrafik xüsusiyyətlərinə, sosial-iqtisadi şəraitinə uyğun şəkildə aparıldığını, hazırda 2025-ci ilədək dövr üçün ölkəmizin əhali sakinliyi və demoqrafik inkişaf üzrə Dövlət Proqramının hazırlandığını qeyd edib. O, bu prosesdə mötəbər beynəlxalq qurumlarla, o cümlədən BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığın roluna toxunub və bunun qeyd olunan Fəaliyyət Proqramının səmərəli icrası baxımından da əhəmiyyətini vurğulayıb: “Məlum olduğu kimi, BMT-nin Minilliyin İnkişaf Məqsədləri 2015-ci ilədək dövrü əhatə edir və hazırda növbəti dövr üçün yeni təşəbbüslər hazırlanır. Bununla bağlı olaraq, hesab edirəm ki, hazırkı sessiyada irəli sürüləcək tövsiyələr əvvəlki məqsədlərin davamı kimi özünü göstərməlidir və bu tövsiyələr BMT-nin yeni dövr üçün inkişaf Bəyannaməsinin əsasını təşkil edə bilər”.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində dünyada sosial birlik məsələlərinin həlli ilə bağlı əməkdaşlığa töhfə vermək əzmində olduğunu bildirən S.Müslümov 1994-cü ildə qəbul olunmuş “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”ndakı məqsədlərin icrası istiqamətində ölkəmizdə bundan sonra da məqsədyönlü səylərin göstəriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR