Azərbaycanda vergidən yayınma, sənədləri saxtalaşdırmada ittiham olunan sahibkarın məhkəməsi başlayıb

Azərbaycanda vergidən yayınma, sənədləri saxtalaşdırmada ittiham olunan sahibkarın məhkəməsi başlayıb
# 28 oktyabr 2014 13:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nərimanov Rayon Məhkəməsində vergidən yayınma, sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Rüfət Həbilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib, məhkəmənin baxış iclası isə oktyabrın 31-nə təyin edilib.

Vergilər Nazirliyinin həmin cinayət işi ilə bağlı yaydığı məlumata görə, nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, mebel satışı ilə məşğul olan “Verona Lux” mağazasına rəhbərlik Həbilov Rüfət Məhəmməd oğlu tərəfindən həyata keçirilir.

Araşdırma zamanı mağazada satılan mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki olaraq Biləcəri qəsəbəsində yerləşən “Səma LTD” MMM-ə məxsus olan mebel fabrikində hazırlandığı, mebellərin birbaşa fabrikdən evlərə aparılaraq quraşdırıldığı, satılan mebellərə görə sifarişçilərə ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd hesablaşma qaydalarının pozulması halları da müəyyən edilib.

Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər zamanı mühasibatlıq və “qara mühasibatlıq” sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompüter prosessorları aşkar olunaraq götürülüb.

Toplanmış materiallar Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə göndərilmiş və aparılmış səyyar vergi yoxlamaları nəticəsində fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlunun külli miqdar təşkil edən 562 min 483,61 manat və “Səma LTD” MMM-nin 549 min 699,49 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılmaları müəyyən edilib.

R. Həbilov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və və 320-ci (sənədləri saxtalaşdırma) maddələrinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR