Azərbaycanda təminatlı əqdlərlə 2-3 min manatlıq kreditlər veriləcək

Azərbaycanda təminatlı əqdlərlə 2-3 min manatlıq kreditlər veriləcək
# 19 dekabr 2012 13:31 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda təminatlı əqdlər vasitəsilə kreditlər bir neçə aylığa və nisbətən kiçik məbləğlərdə veriləcək. Bu barədə «APA-Economics»ə açıqlamasında «Təminatlı əqdlər haqqında» qanunun müəlliflərindən olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda rəqabətlilik və ticarət Layihəsinin baş hüquqşünası Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, əslində təminatlı əqdlər vasitəsilə kreditlərin əsas məqsədi kiçik və orta sahibkarlığın inkişafıdır: «Belələri isə hansısa avadanlığı, öz inventarını, mal-qarasını və s. girov qoya bilərlər. Təbii ki, girov qoyulan malın və ya əşyanın amortizasiyası məsələsi də nəzərə alınmalıdır və girovu götürən kreditor bunu nəzərə alacaq. Müvafiq olaraq girov götürənlər amortizasiya müddətini də nəzərə alacaqlar».

Təminatlı əqdlər sahəsində beynəlxalq təcrübəyə əsasən, hər hansı sadə vətəndaş kredit götürəndə hansısa malını, telefon, velosiped və s. girov qoyursa, kreditin müddətini və onun şərtlərini kredit verən tərəf özü müəyyən edir: «Təcrübə göstərir ki, bunlar daha çox qısamüddətli və az məbləğli kreditlər ola bilər. Güman edirəm ki, belə kreditlərin müddəti 6 ayadək, məbləği isə 2-3 min manat civarında dəyişəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR