Bakı 2015 Avropa Oyunları Milli Olimpiya Komitələrinin birinci Kommunikasiya seminarını təşkil edib

Bakı 2015 Avropa Oyunları Milli Olimpiya Komitələrinin birinci Kommunikasiya seminarını təşkil edib
# 26 sentyabr 2014 15:30 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakı 2015 Avropa Oyunları Avropa Milli Olimpiya Komitələri, kommunikasiya menecerləri və beynəlxalq media nümayəndələri üçün birinci Kommunikasiya seminarını təşkil edib.

APA-nın xəbərinə görə, iki günlük proqramda Avropadan 62 nümayəndə Bakı 2015-in idman obyektlərini ziyarət edəcək və Avropa Oyunları üçün nəzərdə tutulmuş ən son yeniliklərlə bağlı seminarlarda iştirak edəcəklər.

Bakı 2015-in bir neçə şöbəsi, idman, nəqliyyat, mətbuat əməliyyatları, yayım və kommunikasiyanın yüksək vəzifəli nümayəndələri daxil olmaqla iştirakçılar üçün təqdimatlar keçirəcəklər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Biz ilk Avropa Oyunları ilə əlaqədə olan Avropanın Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların media nümayəndələri ilə yeni münasibətlərin əsasının qoyulmasını səbirsizliklə gözləyirik. Seminara qatılan insanların dəstəyi və əməkdaşlığı bizim üçün bütün qitəni növbəti yay Oyunları necə təşkil etməyimiz və Azərbaycanda gedən işlər barədə məlumatlandırmaq baxımından çox mühümdür”.

Ümumilikdə bütün qitədən 1000-dən çox jurnalistlə bərabər, hər ölkədən kommunikasiya rəsmilərinin gələn il Bakı 2015 Avropa Oyunlarına qatılacağı gözlənilir.

Britaniya Olimpiya Assosiasiyasının Kommunikasiya üzrə direktoru Adrian Basset bildirib ki, bu həftəsonu Avropa Oyunları haqqında daha çox öyrənmək və Bakı 2015-in Oyunlar zamanı necə fəaliyyət göstərəcəyini bilmək üçün olduqca əvəzolunmaz şansdır: “Bir çox millətlər Azərbaycanda ilk dəfə olaraq yarışacaqlar. Buna görə də gələn il idmançılarımızı necə mükəmməl bir tədbirin gözləyəcəyini bilmək üçün bu ölkəni ziyarət etmək çox vacibdir”.

Gələn il 17 müsabiqə günü ərzində xəbər saytları, qəzetlər, radio və televiziya kanalları 6000 idmançının iştirak etdiyi Oyunları işıqlandıracaqlar.

Bakı 2015-in Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari deyib ki, ilk dəfə olaraq keçirilən Avropa Oyunlarında Milli Olimpiya Komitələrinin yaxından iştirakına nail olmaq çox vacibdir: “Biz ilk Avropa Oyunlarının əks-səda doğurması üçün onlarla sıx əməkdaşlıq edirik. Seminar, bizim Avropa daxilində Milli Olimpiya Komitələri, idmançılar, media və azarkeşlərlə səmərəli ünsiyyət qurduğumuza əmin olmaq baxımından mühüm şansdır”.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR