Bank Of Baku

Avropa Şurasının fakt-araşdırıcı missiyası sentyabrda Azərbaycan və Ermənistana səfər edəcək

Avropa Şurasının fakt-araşdırıcı missiyası sentyabrda Azərbaycan və Ermənistana səfər edəcək
# 08 iyul 2008 09:11 (UTC +04:00)
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində avropalı qonaqlarla görüş keçirilib. Görüşdə Azərbaycanın işğal altında olan ərazilərində maddi-mədəni abidələrin mövcud durumunu əks etdirən kiçik həcmli film nümayiş olunub. Nümayəndə heyətinin nəzərinə çatdırılıb ki, Azərbaycan torpaqlarının bir qisminin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağ ərazisində 1891 mədəni-tarixi abidə qalıb və onların durumu bəlli deyil. Görüşdən sonra jurnalistlərə Azərbaycana səfərlərinin məqsədini açıqlayan Robert Palmer bildirib ki, bu səfər Avropa Şurası Baş Katibliyinin tapşırığı əsasında həyata keçirilir: “Səfərdə məqsəd maddi-mədəni və tarixi abidələrin vəziyyətini aydınlaşdıracaq missiyanın regiona səfəri ilə bağlı məsləhətləşmələr aparmaq, texniki məsələləri həll etməkdir. Avropa Şurası hesab edir ki, maddi-mədəni abidələrin dağıdılması yolverilməzdir. Missiyamızın məqsədi də bununla bağlı monitorinq keçirmək, Azərbaycan və Ermənistanda maddi-mədəni abidələrin mövcud durumunu aydınlaşdırmaqdır. Azərbaycan və Ermənistan hökumətləri taleyindən narahat olduqları abidələrin siyahısını Avropa Şurasına təqdim ediblər. Biz səfər çərçivəsində bu siyahıları uyğunlaşdıracağıq. Yəqin ki, bu proses iyulun sonunda yekunlaşacaq. Sentyabrda isə Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyət və Mədəni İrs Direktorluğunun fakt-araşdırıcı missiyası bölgəyə səfər edəcək”. Robert Palmer səfərin sentyabrda baş tutacağını desə də, dəqiq tarixin hələ məlum olmadığını bildirib. O, hazırda missiyanın səfəri ilə bağlı texniki və təhlükəsizlik məsələlərinin dəqiqləşdirildiyini vurğulayıb. Avropa Şurası missiyasının Dağlıq Qarabağa hansı ölkənin ərazisindən keçərək gedəcəyi sualının cavablandıran Robert Palmer bildirib ki, bu məsələni Azərbaycan və Ermənistan hökumətləri razılaşdırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR