Bank Of Baku

Vilayət Quliyev: “Polşa ilə əməkdaşlıq Azərbaycan üçün BMT, AB və NATO kimi beynəlxalq qurumlarla daha sıx işbirliyi yaratmağa imkanlar açır”

Vilayət Quliyev: “Polşa ilə əməkdaşlıq Azərbaycan üçün BMT, AB və NATO kimi beynəlxalq qurumlarla daha sıx işbirliyi yaratmağa imkanlar açır”
# 01 avqust 2008 11:46 (UTC +04:00)
- Polşanın xarici işlər naziri Azərbaycanı öz ölkəsi üçün 10 prioritet ölkədən biri adlandırıb. Yəqin ki, bu, daha çox Polşa dövlətinin enerji təhlükəsizliyi baxımından belədir. Bəs Azərbaycan üçün Polşa ilə əməkdaşlıq nə vəd edir?

- Azərbaycan mühüm geostrateji mövqeyi, zəngin təbii sərvətləri, regiondakı lider mövqeyi və dinamik inkişafı ilə Avropa Birliyinin diqqət mərkəzindədir. AB üzvləri arasında ölkəmizə xüsusilə böyük maraq göstərən dövlətlərdən birinin Polşa olduğu isə danılmazdır. İstər prezident, istərsə də xarici işlər naziri səviyyəsində Azərbaycan-Polşa münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, Azərbaycanla siyasi-iqtisadi əlaqələrin Polşa üçün prioritet xarakter daşıdığı dəfələrlə vurğulanıb. Təbii ki, burada həm Avropanın enerji təhlükəsizliyi, həm də Azərbaycanın mühüm tranzit ölkəyə çevrilməsi amili mühüm rol oynayır. Eyni zamanda artıq geniş maliyyə imkanlarına malik olan Azərbaycanın yaxın gələcəkdə Polşa ilə birgə mühüm iqtisadi layihələr həyata keçirmək, bu ölkənin iqtisadiyyatına investisiya yatırmaq imkanları da nəzərdən qaçırılmamalıdır. Bu baxımdan Polşanın və Şərqi Avropa blokuna daxil olan digər ölkələrin Azərbaycana maraq və diqqətinin getdikcə artacağını indidən proqnozlaşdırmaq mümkündür. Polşa ilə əməkdaşlıq, öz növbəsində, Azərbaycan üçün BMT, AB və NATO kimi beynəlxalq qurumlarla daha sıx iş birliyi yaratmağa imkanlar açır. Bu ilin mart ayında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-də keçirilən müzakirələrdə ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi və Ermənistanın işğalçı siyasətini pisləyən müvafiq qətnamənin qəbul edilməsi Polşa, Rumıniya, Baltikyanı ölkələri kimi AB üzvlərinin fəal mövqeyi sayəsində mümkün olub. Polşa və İsveç bu ilin mayında AB-də Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan kimi postsovet ölkələri ilə viza rejiminin sadələşdirilməsi və münasibətlərin daha da sıxlaşdırılması təklifi ilə çıxış edib. Başqa bir mühüm göstərici Polşanın GUAM-la əlaqələrini genişləndirməsidir. Polşa prezidenti Lex Kaçinskinin bir müddət əvvəl Parisdə, AB-Aralıq dənizi ölkələri sammiti çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə Azərbaycanın mövqelərini dəstəkləyən bəyanatla çıxış etməsi Polşanın ölkəmiz üçün nələr edə biləcəyi sualının başqa bir cavabı kimi dəyərləndirilə bilər. Düşünürəm ki, həm siyasi, həm də iqtisadi sahələrdə kifayət qədər istifadə olunmamış potensial var və iki ölkənin dövlət başçıları arasında yaranmış qarşılıqlı etimad mühiti, səmimi və işgüzar münasibətlər yaxın zamanlarda Azərbaycan-Polşa əlaqələrinin daha yüksək səviyyəyə qalxmasını təmin edəcək.

- 2008-ci ilin ilk yarısında Azərbaycan-Polşa münasibətləri yüksək səviyyəli qarşılıqlı səfərlər baxımından çox dinamik olub. Həmin temp ilin sonuna qədər də davam edəcəkmi?

- Bu ilin fevralında prezident İlham Əliyev son üç ildə Polşaya ikinci dəfə rəsmi səfər edib. Səfər zamanı iki ölkənin dövlət başçıları arasında səmərəli danışıqlar aparılıb, mühüm sənədlər imzalanıb. Aprel-iyun aylarında Azərbaycanın xaric i işlər, milli təhlükəsizlik, daxili işlər nazirləri Polşada olublar. İyun ayında Polşa Senatının sədri Azərbaycan Parlamentinin 90 illiyi yubileyində, Polşanın birinci xanımı “Sivilizasiyalararası dialoqda qadınların rolu” beynəlxalq konfransında iştirak etmək məqsədi ilə Azərbaycanda olublar. Sentyabr-oktyabr ayında Varşavada Azərbaycan-Polşa hökumətlərarası iqtisadi komissiyasının 3-cü iclasının keçirilməsi planlaşdırılır. Noyabr ayında Bakıda keçiriləcək IV Enerji Sammitində isə digər dövlət başçıları ilə birlikdə, Polşa prezidenti də iştirak edəcək. Göründüyü kimi, hər iki tərəf münasibətlərin tempini və dinamikasını qoruyub saxlamaqda maraqlıdır.

- “Sarmatiya-2” şirkətinin yaradılması hansı mərhələdədir? Noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan enerji sammitinin bu məsələyə hansısa yeniliklər gətirə biləcəyini söyləmək olarmı?

- Bu məsələlər hələlik hazırlıq mərhələsində olduğu üçün hadisələri və mütəxəssis rəylərini qabaqlaya biləcək hər hansı mülahizələr söyləmək istəməzdim. Sadəcə onu demək kifayətdir ki, 2007-ci ilin mayında Azərbaycan prezidentinin sədrliyi ilə Krakovda keçirilən I Enerji Sammitindən sonra Xəzərin enerji ehtiyatlarının alternativ yollarla Avropaya nəqli ideyasına maraq əhəmiyyətli dərəcədə artıb, AB bu layihə ilə daha ciddi maraqlanmağa başlayıb. Növbəti sammitlərdə iştirakçıların sayının və tərkibinin genişlənməsi də həmin marağın təzahürüdür. Ukrayna prezidentinin Bakıya səfəri zamanı Azərbaycan yeni neft kəməri ideyasına münasibətdə mövqeyinin dəyişməz olduğunu bir daha nümayiş etdirdi. Bütün bunlar isə öz növbəsində noyabr ayında keçiriləcək Bakı sammitinin yeniliklərlə zəngin olacağını, Sammitin gedişi zamanı bir sıra mühüm qərarlar qəbul ediləcəyini ehtimal etməyə əsas verir.

- Polşa indiyə qədər Bakıda iki milli sərgi keçirib. Bu sərgilər ikitərəfli iqtisadi münasibətlərə necə təsir göstərib?

- Şübhəsiz, hər bir sərgi ölkənin iqtisadi imkanlarının və potensialının mühüm göstəricisidir. O biri tərəfdən, belə sərgilər istehsalçıların və ixracatçıların bir-biri ilə daha sıx və birbaşa əlaqələr qurmalarına imkan yaradır. Bu baxımdan Bakıda keçirilən Polşa sərgiləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və ticarət dövriyyəsinin artmasına təsirsiz qalmayıb. Qarşılıqlı maraq kifayət qədər böyükdür. Təəssüf ki, Polşanın geniş imkanlara malik olan və yüksək ekoloji tələblərə cavab verən qida sənayesi, yaxud mallarının nisbi ucuzluğu və keyfiyyəti ilə seçilən yüngül sənayesi hələ də bizim istehlakçıların diqqətini yetərincə cəlb etməyib. Eyni zamanda Azərbaycanın da Polşada daha çox neft və qaz ölkəsi kimi tanınması digər sahələrdəki əməkdaşlıq imkanlarının üzərinə müəyyən dərəcədə kölgə salır. Nəqliyyatla bağlı problemlərin mövcudluğu da iqtisadi əlaqələrin daha intensiv həyata keçirilməsi yolunda müəyyən maneələr yaradır.

- Azərbaycan da Polşada iqtisadi imkanlarını nümayiş etdirən analoji sərgilərin keçirilməsini planlaşdırırmı?

- Bu ilin sentyabr-oktyabr aylarında Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi həmin toplantı çərçivəsində Varşavada son illərdə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını əks etdirən sərgi nümayiş etdirilməsini planlaşdırır. Yeri gəlmişkən, qeyd edim ki, Polşa tərəfi bu komissiyanın fəaliyyətinə mühüm önəm verir. Bu yaxınlarda Polşa baş nazirin müavini, iqtisadiyyat naziri Pavlakın bu ölkə tərəfdən birgə iqtisadi komissiyanın sədri təyin olunması da məhz belə bir yanaşma tərzinin nəticəsidir.

- Humanitar sahədə hansı layihələr həyata keçirilir? Polşa arxivlərində XX əsrin əvvəllərinə dair Azərbaycanla bağlı elmi axtarış və tədqiqat işlərinin aparılması hansı vəziyyətdədir?

- Səfirliyin Polşada fəaliyyət göstərdiyi dövrdə bu sahədə müəyyən irəliləyişlər əldə olunub. Bakı Slavyan Universiteti ilə Varşava və Poznan universitetləri arasında əlaqələr yaradılıb. Bu məqsədlə Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla iki dəfə Polşada olub. May ayında isə Varşava Universitetinin rektorunun başçılığı altında Polşa nümayəndə heyəti Bakıya səfər edib, Slavyan Universitetində və digər ali məktəblərdə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıb. Hazırda Varşava Universitetində Azərbaycan dili tədris olunur. Polonistika ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələr Polşada uzunmüddətli təcrübə kurslarında iştirak edirlər. Kitab nəşri sahəsində də müəyyən uğurlarımız olub. Arxiv materiallarının axtarışına və elmi-tədqiqat işlərinin aparılmasına gəldikdə, bu sahə ilə təbii ki, daha çox fərdi qaydada məşğul olmaq mümkündür. Çünki səfirliyin üzərinə düşən birbaşa vəzifələr yetərincədir. Digər tərəfdən, elmi axtarışlar spesifik hazırlıq tələb edir və səfirlik əməkdaşlarının hamısının bu işdə səriştəli olduğunu düşünmək sadəlövhlük olardı. Amma təbii ki, biz imkanlarımız daxilində tarixçi və filoloqlarımıza yardım göstəririk. Məsələn, Nəsiman Yaqublunun ötən əsrin 20-30-cu illərində Azərbaycan-Polşa münasibətlərinə həsr olunmuş monoqrafiyasının meydana çıxmasında bizim səfirliyin də müəyyən xidmətləri olub. M. Ə. Rəsulzadənin 1938-ci ildə Varşavada polyak dilində nəşr olunmuş “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çapa hazırlamışıq. Mən boş vaxtlarımda Azərbaycan siyasi mühacirətinin 30-cu illərdə dərc etdirdiyi yazıların mühüm bir qismini torlamışam və onları müvafiq izah və şərhlərlə ayrıca kitab halında çar etdirmək niyyətindəyəm. İndiyə qədər Polşa arxivlərindən Azərbaycana dair bir sıra materialların foto və kserosurətlərini çıxarıb Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq qurumlara göndərmişik. Gələcəkdə də həmin işi davam etdirmək niyyətindəyik.

- Sizin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı nəşr etdirdiyiniz kitabda hansı tarixi məqamlar əksini tapıb?

- Mənim bu il Bakıda “Azərbaycan Paris Sülh konfransında” adlı kitabım çap olunub. Əslində, bu, müstəqil tədqiqat əsəri deyil. Məlum olduğu kimi, 1919-cu ilin aprelində Parlamentin sədri Ə. Topçubaşovun rəhbərliyi ilə Parisə gələn Azərbaycan nümayəndə heyəti burada müstəqilliyini yeni elan etmiş dövlətlərini Avropa ictimaiyyətinə və siyasi dairələrin nümayəndələrinə daha yaxşı tanıtmaq məqsədilə bir sıra məlumat-təbliğat xarakterli kitabça və broşüralar hazırlayıb ingilis və fransız dillərində çar etdirib. Mən həmin tanıtma xarakterli əsərlərdən birini - “Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh konfransından tələbləri” kitabını ingilis dilindən tərcümə edib, ingilis və fransız mətnləri ilə birlikdə kitab halında çap etdirmişəm. Düşünürəm ki, Cümhuriyyəti tanıtmaq, onun fəaliyyəti barədə dolğun təsəvvür yaratmaq üçün belə nəşrlərə böyük ehtiyac var. Dövrü mətbuatda rus və Azərbaycan dillərində Cümhuriyyət dövrünün general M. Sulkeviç, Kriçinski qardaşları, Adilxan Ziyadxan kimi tanınmış hərbi və siyasi xadimlərinə həsr olunmuş silsilə yazılarım dərc edilib. İlk Respublikamızın tarixi məni həmişə maraqlandırıb və yaranmış fürsətdən istifadə edərək boş vaxtlarımda bu məsələ ilə əlaqədar Polşa arxiv və kitabxanalarında axtarışlarımı davam etdirirəm.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR