Bank Of Baku

Novruz Məmmədov: “Qarabağ məsələsi həll olunmadan Azərbaycanın Ermənistanla hansısa platformada təmsil olunması mümkün deyil”

Novruz Məmmədov: “Qarabağ məsələsi həll olunmadan Azərbaycanın Ermənistanla hansısa platformada təmsil olunması mümkün deyil”
# 08 sentyabr 2008 11:34 (UTC +04:00)
- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasını necə qiymətləndirirsiniz?

- Stabillik üçün atılan istənilən addım qəbul edilən və təqdirəlayiqdir. Bu gün region üçün belə bir platformanın olması çox vacibdir. Hans Hoffer adlı alman geosiyasət banisi deyir ki, Avrasiyada iki qaynar nöqtə var, biri Balkanlar, digəri Cənubi Qafqazdır. Balkanlarla bağlı avropalılar artıq vəziyyəti qaydaya salırlar, indi əsas problem Qafqazdadır. İndi hətta Qafqazı dünyanın mərkəzi hesab edirlər. Bütün proseslər buradan qaynayır. Bu baxımdan Qafqazda belə platformanın olması lazımdır. Əlbəttə, Rusiya ilə Gürcüstanın, Azərbaycanla Ermənistanın bir yerdə olması çox çətindir. Bütün bunlarla bağlı təklifi biz bəyənirik. Gözləyirik ki, nəzəri cəhətdən qarşıya qoyulan məqsədin tam mexanizmi hazırlansın. Həm Türkiyə, həm Azərbaycan, həm də Rusiya və Gürcüstanda da bu məsələyə maraq var. Ola bilsin, Ermənistan da mövqe bildirdi. Cənubi Qafqaz üçün ən arzuolunan hadisə sabitlik və təhlükəsizliyin bərqərar olmasıdır. Mənə elə gəlir ki, dünya tarixinə və beynəlxalq münasibətlərə bundan güclü təsir edən ikinci fakt ola bilməz. Belə bir platforma ölkələri bir-birinə yaxınlaşdırsa, müsbət addım olar.

- İndiki vəziyyətdə Azərbaycanla Ermənistan və ya Rusiya ilə Gürcüstanın eyni platformada təmsil olunması mümkündürmü?

- Bunun necə ola biləcəyi hələ sualdır. Ona görə də bu paktla bağlı hansı nəticələrə nail olunacağı məlum deyil. Biz təklif edirik ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll olunsun, sonra da həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə normal əlaqələr quraq. Belə bir söz var ki, “qonşun pisdir, köç qurtar”. Amma dövlətlə dövlət, xalqla xalqın qonşuluğunda köçmək məsələsi yoxdur. Bunun alternativi olmadığı üçün biz qarşılıqlı mövqeyə gəlib münaqişəni həll etməliyik.

- Yəni, bu paktla bağlı danışıqlarda Dağlıq Qarabağ məsələsi əsas şərtlərdən biri olacaq?

- Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bizim Ermənistanla hansısa platformada təmsil olunmağımız mümkün deyil. Burada biz nədən danışa bilərik? Söhbət sabitlikdən, təhlükəsizlikdən gedirsə, buna Qarabağ məsələsindən böyük maneə varmı? Türkiyə baş nazirinin bu təşəbbüsü ona görə qəbul edilir ki, bu gün dünyada beynəlxalq hüquq nöqteyi-nəzərindən narahatlıq doğuran proseslər gedir. Təəssüflər olsun ki, bu beynəlxalq hüququ formalaşdıran dövlətlər İkinci Dünya müharibəsindən sonra bu normalara bəzən saymazlıq, etinasızlıq göstərir, bəzən də ədalətsizlik nümayiş etdirir, bu normaları özlərinin maraqlarına qurban verirlər. Bunun da nəticəsində Cənubi Qafqazdakı kimi situasiyalar yaranır. Bunun da nəticəsi odur ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmur. Əgər həmsədrlər ədalətli münasibət göstərsəydilər, kimin haqlı, kimin haqsız olduğu konkret deyilsəydi, problem çoxdan həll edilmişdi. Beynəlxalq hüquq varsa, onu hamı müdafiə etməlidir. Böyük dövlətlər, kiçik dövlətlər və hamımız buna hörmət, itaət etməliyik. Düzdür, mütləq bir şey yoxdur, amma bunu etmək olar. Bunun olmaması dünyanın nizamına, qayda-qanuna böyük təhlükədir. Bunun da məsuliyyəti ilk növbədə böyük dövlətlərin üzərinə düşür. Onlar bunu görməli, başa düşməli və bu addımı atmalıdırlar. Çünki belə hadisələrin bir ucu onların özlərinə gedib çıxır. Təəssüflər olsun ki, 21-ci əsrdə də bu ədalətsizlik, haqsızlıq, beynəlxalq hüquqa etinasızlıq müəyyən mənada mədəni formada həyata keçirilir. 19-cu əsrdə də belə idi, orta əsrlərdə də... Mahiyyət eynidir, sadəcə, forması dəyişib.

- Türkiyənin prezidenti Abdulla Gülün Ermənistana səfərini necə qiymətləndirirsiniz?

- Bununla bağlı artıq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz mövqeyini bildirib. Mövqe də bundan ibarətdir ki, biz Türkiyə ilə dost qardaş və tərəfdaş dövlətik. Bütün məsələlərdə bizim maraqlarımız demək olar ki, üst-üstə düşür. Gözəl əməkdaşlığımız, dostluğumuz var. Azərbaycanla Türkiyə strateji müttəfiqdir, bu münasibətlərin kökü uzaqlara gedir və gələcəyi də uzaqlara gedəcək. Lakin Türkiyə dövlətinin, onun rəhbərlərinin bütün məsələlərlə bağlı qərar qəbul etmək hüququ var. Biz bununla bağlı mövqe bildirə bilmərik. Sadəcə, təhlil baxımından Azərbaycan və Türkiyə mətbuatında müxtəlif fikirlər söylənilir. Mənə belə gəlir ki, bu gün qəti, radikal və konkret mövqe bildirilməsi o qədər də düzgün deyil. Bu, həssas bir addımdır. Gözləmək lazımdır. Bu hadisə elə bir şey deyil ki, sabah unudulsun. İki-üç ay ərzində bu səfərin nəticələri ilə bağlı ortada nə isə olacaq. Bu səfər zamanı Türkiyə və Ermənistanın mövqeyi nə oldu, nədən danışıldı, kim hansı addımı atdı, bu addımlar geriyə, yoxsa irəliyə doğru addım idi? Yəni bunlar hələ məlum deyil, gözləmək lazımdır. Bu, həm də taktiki bir addımdır. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasında strateji məqsəd, hədəf birliyi var, bu birlik davam edir və edəcək. Şübhəsiz ki, bu səfər zamanı Türkiyə Cümhuriyyətinin başçısı Azərbaycanla bağlı məsələlərdə də konkret mövqe ortaya qoyacaq. Bunun nəticəsi barədə isə bir söz deyə bilmərəm.

- Bu səfər Azərbaycan tərəfini narahat edirmi?

- Azərbaycan və Türkiyə münasibətlərini bir səfərə bağlamaq istəmirəm, bu, düzgün deyil. Bu ölkələr arasında münasibətlər onilliklərlə formalaşıb. İki dövlətin başçıları, Türkiyənin dövlət rəhbərləri, Azərbaycan prezidenti, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı bu xətt dəyişməzdir və hər hansı hadisənin bu münasibətlərə təsir edəcəyini düşünmürəm. Sadəcə, ola bilsin ki, kimlərsə müəyyən hisslərə qapılaraq bununla bağlı fikirlər bildirir. Ümumiyyətlə, hansısa dövlətin başçısının bir ölkəyə səfəri adətən diplomatik münasibətlərdə müəyyən mərhələnin sonu, yeni əlaqələrin başlanğıcı kimi qiymətləndirilir. Bu, bir qədər qeyri-adi addım olduğundan ortaya müəyyən suallar çıxır. Məni bir qədər narahat edən də budur. Ermənistan rəhbərləri bu gün çətin vəziyyətdədir və belə vəziyyətdə onlar üçün heç bir əxlaqi prinsip olmur. Regionda gedən proseslər nəticəsində Ermənistan çox çətin vəziyyətə düşüb. Bu gün onun yaşamasının əsas təminatçısı yalnız İran sərhədidir. Ən böyük təminatçısı olan Rusiya ilə əlaqəsi isə kəsilib. Çətin vəziyyətdə olduqları üçün onlar növbəti dəfə manevr, riyakarlıq edə bilərlər.

- Yəni bu səfər daha çox Ermənistana lazımdır?

- Ermənistana lazım ola bilər. Amma Ermənistana lazım olanları Ermənistana vermək məsələsi var. Bu səfər o demək deyil ki, Türkiyə Ermənistanla sərhədləri açır. Yəqin ki, dövlətlər arasında olan bütün problemlər bu səfərdə müzakirə olunacaq. Bu gün hələlik mövqeyimiz budur ki, bu, Türkiyənin qərarıdır, onu qəbul edirik.

- Abdulla Gülün Ermənistana səfəri Azərbaycan tərəfi ilə razılaşdırılıbmı?

- Mən bununla bağlı heç nə deyə bilmərəm. Amma belə bir razılaşmaya heç ehtiyac ola bilməzdi. Nə olsun ki, Türkiyə qardaş, dost ölkədir, hər halda müstəqil dövlətdir. Azərbaycan da, Türkiyə də müstəqil addımlar ata bilər. Bu səfərdə müəyyən incəliklər var. Amma bu gün Azərbaycan və Türkiyə ictimaiyyəti daha çox bu məsələnin formal tərəfinə əhəmiyyət verib məntiqi nəticələr çıxarmaq istəyir. Lakin siyasətdə belə tələsik addımların atılmasına ehtiyac yoxdur. Bir-iki ay gözləməyə nə var ki... Hər şeyi görəcəyik. Bəlkə bu sözləri deyənlər hamısı peşman olacaqlar. Nəzəri cəhətdən bu da mümkündür.

- Hazırda ABŞ və Rusiya arasında münasibətlər kifayət qədər gərgindir. Belə bir vəziyyətdə bu dövlətlərin təmsil olunduğu ATƏT-in Minsk Qrupunun perspektivini necə görürsünüz?

- Bu dövlətlər bir-biri ilə dil tapmalıdırlar. Bunu etsələr, hər şey yaxşı olacaq. Yox, qarşıdurma getdikcə güclənəcəksə, soyuq müharibəyə, daha sonra isə konfrontasiyaya gətirib çıxaracaqsa, bu, hamı üçün, elə həmin dövlətlər üçün də təhlükədir. Yenidən silahlanmaya, yenidən dövlətlərin bir-birinə sanksiya tətbiq etməsinə ehtiyac varmı? Burada nə Azərbaycan, nə başqa bir dövlət günahkardır. İndiyə qədər 7 rayonun işğal altında qalmasına necə göz yummaq olar, necə dözmək olar? Düzdür, Riçard Çeyni münaqişənin həlli ilə bağlı bir qədər konkret fikir bildirdi. Amma niyə bu günə qədər deyilməyib ki, Ermənistanın Azərbaycanın 7 rayonunu tutmağa ixtiyarı yoxdur, işğalçıdır, tutduğu ərazilərdən çıxmalıdır. Bunu demək lazım idi, amma deyilmədi. Bu da deyilməyəndə, zərbənin bir ucu bizə dəyir, bir ucu da vasitəçilərə. Bu zərbə bu gün olmasa da, sabah dəyəcək. Ona görə də tərəflər bir yerdə olmalıdır ki, problemlər həll olunsun, dil tapılsın. Yoxsa hərə bir yana çəkilsə, lap çətin olar.

- Gürcüstanla Rusiya arasında baş verənlərə Azərbaycanın münasibəti necədir?

- Biz artıq öz mövqeyimizi bildirmişik və bu mövqeyimizdə ardıcılıq.

- Ancaq bəzi şərhçilər hesab edir ki, Azərbaycan ABŞ və Rusiya arasında seçim etməli idi...

- Kimsə öz marağına uyğun olaraq nə isə söyləyə bilər, lakin biz başqalarının çaldığı havaya oynamırıq. Bizim öz konsepsiyamız var. Ümummilli lider Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunu elə konseptual baza üzərində qurub ki, bu gün bütün dünya Azərbaycanın xarici siyasət kursunun ən müdrik, ən güclü olduğunu bir daha gördü. Bu məsələ təkcə Gürcüstan-Rusiya münasibətlərindən ibarət deyil. Baş verənlər görün nə qədər dövlətə təsir etdi, nə qədər dövlətin müəyyən məqsədlərinə təhlükə yarandı...

- ABŞ-ın vitse-prezidenti Riçard Çeyinin səfəri Azərbaycana nə verəcək?

- Çox səmimiyyətlə deyirəm ki, Riçard Çeyinin Azərbaycana səfəri çox əvvəldən planlaşdırılmışdı, yəni, bu proseslərlə bağlı deyildi. İyulun əvvəllərində artıq dəqiqləşmişdi ki, ABŞ-ın vitse-prezidenti sentyabrın 3-də Azərbaycana səfər edəcək. Bu səfərin də məqsədi müəyyən mənada Azərbaycan-ABŞ münasibətlərinə bir növ nəzər salmaq, keçmişini təhlil etmək, bu günü ətrafında fikir mübadiləsi aparmaq, gələcəyi haqda danışmaq idi. Buş administrasiyası artıq 8 ildir bizimlə əməkdaşlıq edir, çox böyük nailiyyətlərimiz olub. Şübhəsiz ki, müəyyən problemlər ətrafında danışmaq lazımdır. Eyni zamanda bu səfər ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı Buş administrasiyasının bir növ dəstəyinin davam edəcəyi baxımından vacib idi. Səfər məlum hadisələrlə üst-üstə düşdüyündən buna hərə istədiyi kimi şərh verdi ki, bu da təbiidir. Çünki belə bir səfərin olacağını çoxları əvvəldən bilmirdi. Ona görə də düşündülər ki, yəqin Qafqazda baş verənlərlə bağlı gəlib. Azərbaycanla ABŞ arasında münasibətlər inkişaf edir, burada müəyyən maraqlar var, enerji, terrorizmlə mübarizə, təhlükəsizliklə bağlı hər şey yüksək səviyyədədir. Azərbaycanın beynəlxalq münasibətlərdə əsas prinsiplərindən biri etibarlı tərəfdaşlıqdır. Bizim siyasətimizdə sapmalar yoxdur, ardıcıl, məntiqi, qəti, konkret istiqamətimiz var. Ona görə də digərləri Azərbaycanın addımlarından narahat olmurlar. Digər tərəfdən, bir az yumşaq desək, Azərbaycanın uğurları, əldə etdiyi nailiyyətlər, stabilliyi təmin etməsi müəyyən dairələri narahat etdiyindən, onlar da müəyyən addımlar atmaq istəyirlər. Məsələn, “Əbu Bəkr” məscidində baş verən hadisə bununla bağlıdır. Amma, məlum olduğu kimi, bu hadisəni törədənlər tapıldı. Qanunlardan kənara çıxmaq olmaz. Yaxşı olar ki, bu məsələdə cəmiyyətin bütün təbəqələri aktiv olsunlar, prezidentin siyasətini dərk etsinlər, ona dəstək versinlər. O zaman Azərbaycan güclü olacaq və irəli gedəcək.

- Riçard Çeyninin Azərbaycana gələrkən təyyarədə səhhətinin pisləşdiyi barədə məlumat yayıldı. Bu nə dərəcədə doğrudur?

- Bunlar boş söhbətdir. Riçard Çeyni Azərbaycana saat 10-da çatdı. Bir qədər dincəldikdən sonra görüşlərə başladı. Görüş nəzərdə tutulduğundan da çox çəkdi. Əvvəldən 2 saatlıq görüş nəzərdə tutulsa da, danışıqlar 5 saata tamamlandı.

- Riçard Çeyninin Azərbaycana səfərindən dərhal sonra Dmitri Medvedyev İlham Əliyevə zəng etdi. Bunun ardınca isə Elmar Məmmədyarov Moskvaya getdi. Bu hadisələr arasında hər hansı əlaqə varmı?

- Bunların arasında əlaqə yalnız odur ki, Azərbaycan regionda lider dövlətdir. Azərbaycanın bu bölgədəki mövqeyi bütün proseslərə təsir edir. Bölgədə müəyyən proseslər baş versə də, Azərbaycan siyasi, iqtisadi, təhlükəsizlik baxımından özünün “status-kvo” vəziyyətini saxlayıb. Buna baxmayaraq, Azərbaycanda bir şey olsaydı, o zaman regionun “status-kvo”su dəyişərdi. Təbii ki, hamı bununla maraqlanır. Azərbaycan öz prinsiplərinə sadiqdir. Münasibətlərindən heç vaxt başqasının əleyhinə istifadə etmir. Rusiyanın, İranın, ABŞ-ın bu məsələlərlə maraqlanması Azərbaycanın müsbət mənada rolunu göstərir.

- Həmsədrlərin regiona növbəti səfəri nə vaxta nəzərdə tutulur?

- Səfər gözlənilir, amma hələlik dəqiq vaxt məlum deyil. Çünki Gürcüstanda baş verən hadisələr buna müəyyən qədər təsir etdi.

- Azərbaycan seçki dövrünü yaşayır. Seçki ərəfəsində Azərbaycanda proqnozlaşdırılmayan hadisələr baş verə bilərmi?

- Məmur olmağıma baxmayaraq, bunu deməliyəm. Azərbaycanda 20 il ərzində dahi Heydər Əliyev olmasaydı, onun yolunu İlham Əliyev davam etdirməsəydi, bu gün Azərbaycanın hansı vəziyyətdə olacağını ən müdrik siyasətçi belə təsəvvür edə bilməzdi. Xristian dövləti olan Gürcüstanda baş verənlər Azərbaycandan yan keçirsə, Azərbaycan həm ölkə daxilində, həm xaricdə böyük işlər görə bilirsə, bu, nəyisə sübut edir. Bu baxımdan Azərbaycanın yürütdüyü siyasət, prezidentin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın maraqlarına tam cavab verir. Balanslaşdırılmış siyasət deyəndə də məhz bu nəzərdə tutulur. Azərbaycan prezidentinin ölkənin taleyi ilə bağlı ən həssas məqamlarda öz mövqeyi, platforması, konsepsiyası və mexanizmi var. Bu gün Azərbaycanın müstəqilliyini, stabilliyini və təhlükəsizliyini qorumaq üçün konsepsiyamız kifayət qədər manevr imkanına malikdir. Buna görə də seçki olub-olmamasından asılı olmayaraq, Azərbaycanın kursu elədir ki, qarşıya çıxan bütün təhlükələrə cavab verir və öz yolu il gedə bilir. Buna heç bir şübhə yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR